Azərbaycan səfiri Malayziya kralına təbrik məktubu ünvanlayıb

Azərbaycan səfiri Malayziya kralına təbrik məktubu ünvanlayıb
  • Clock-gray 08:40
  • calendar-gray 08 İyun 2020

Azərbaycanın Malayziyadakı səfiri, eyni zamanda Malayziyada akkreditə olunmuş diplomatik korpusun duayeni Qaley Allahverdiyev tərəfindən Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha ad günü münasibətilə təbrik məktubu ünvanlanıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, Malayziyadakı Diplomatik korpus adından ünvanlanmış məktubda Azərbaycan diplomatı bu əlamətdar gündə Ali Başçıya (Yang di-Pertuan Agong) səmimi təbriklərini çatdırıb, Əlahəzrət Kralın müdrik rəhbərliyi altında Malayziya xalqına əmin-amanlıq və rifah arzulayıb.

Həmçinin səfir Q.Allahverdiyev Malayziyanın regional və beynəlxalq miqyasda önəmli rol oynamağa davam etdiyini bildirərək, Malayziya xalqının əldə etdiyi nailiyyətlərin diplomatik korpusdakı bütün həmkarları tərəfindən alqışlandığını vurğulayıb.

Qeyd edək ki, Səfir Q.Allahverdiyev bu vəzifəyə ötən ilin 7 noyabr tarixində təyin olunub. Hazırda Malayziyada rezident (102) və qeyri-rezident (48) olmaqla, 150 ölkənin səfirlik və ali komissarlığı, eləcə də Avropa İttifaqının nümayəndəliyi fəaliyyət göstərir. Bundan başqa, ölkənin müxtəlif ştat və şəhərlərində ümumilikdə 82 baş konsulluq, konsulluq və fəxri konsulluq institutları diplomatik təmsilçilik işi həyata keçirir. Həmçinin Malayziyada 27 müxtəlif beynəlxalq təşkilatın baş yaxud regional qərargahları akkreditə olunub.

apa-logo-mini

Digər xəbərlər