Azərbaycan və İtaliya deputatlarının videokonfrans formatında görüşü keçirilib

Azərbaycan və İtaliya deputatlarının videokonfrans formatında görüşü keçirilib
# 21 oktyabr 2020 13:54 (UTC +04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının üzvləri arasında videokonfrans formatında görüş keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İtaliya tərəfindən Komissiyanın sədri Rosario Petroçelli bildirib ki, İtaliyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verənlər diqqətlə izlənilir.

Ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən İtaliya hökuməti və xalqı tezliklə münaqişənin bitəcəyinə, qaçqın və köçkünlərin öz evlərinə qayıdacağına, Azərbaycan torpaqlarının işğalına son qoyulacağına ümid edir: “İtaliya ATƏT-in Minsk qrupuna üzv olan 13 ölkədən biri kimi hər zaman münaqişənin dinc yolla nizama salınmasını dəstəkləyib".

Cənubi Qafqazda baş verənlərdən narahat olduqlarını vurğulayan komissiya sədri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək tələbində haqlıdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov italiyalı həmkarlarına Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu, cəbhə xəttindəki vəziyyət barədə ətraflı məlumat verib. Komitə sədri bildirib ki, təcavüzkar Ermənistan 30 ildir münaqişənin sülh yolu ilə həlli məsələsinə laqeyd yanaşıb, Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayıb:

“İki il əvvəl Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi isə vəziyyəti bir qədər də gərginləşdirib. Heç bir siyasi səriştəsi və savadı olmayan Paşinyanın “Qarabağ Ermənistandır”, “Dağlıq Qarabağ üçün mücadilə edəcəyik” kimi fikirləri, ikitərəfli danışıqların məcrasını dəyişmək, münaqişəyə separatçı “Dağlıq Qarabağ Respublikasını” 3-cü tərəf kimi cəlb etmək istəyi gərginliyi daha da artırıb”.

Videokonfransda İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli qeyd edib ki, Ermənistan hakimiyyəti cəbhə xəttində Azərbaycan ordusunun şanlı qələbələri ilə barışa bilmədiyi üçün müxtəlif hiylələrə əl atır:

“Bir tərəfdən münaqişəyə dini don geyindirməyə çalışır. Digər tərəfdən, Azərbaycan ordusunun tərkibində muzdlu terrorçuların olduğunu iddia edir. Bundan başqa, Türkiyənin Azərbaycana hərbi dəstəyindən danışır. Amma bütün bunlar həqiqətəuyğun deyil. Azərbaycan ordusunun tərkibində ölkəmizin vətəndaşları olan müxtəlif xalqların nümayəndələri - ruslar, belaruslar, gürcülər, ukraynalılar, yəhudilər var. Dünyanın ən tolerant dövlətlərindən biri olan Azərbaycanda multikultural dəyərlər yüksək səviyyədə inkişaf edilib. Ölkəmizdə yaşayan müxtəlif millətlər Vətənə bağlıdır bu işğalçı Ermənistanın antiazərbaycan təbliğatına ən parlaq və layiqli cavabdır. Son günlərdə rus xalqının nümayəndəsi Denis Proninin Azərbaycanın müdafiəsinə qalxaraq şəhidlik zirvəsinə ucalmasını bunun bariz nümunəsidir”.

Sonra görüşdə millət vəkilləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Sevil Mikayılova, Nigar Arpadarai, Cavanşir Feyziyev də çıxış edib.

Onlayn görüşdə İtaliya Senatının üzvləri Laura Garavini, Adolfo Urso, Enriko Aiminin münaqişə ilə bağlı suallarına deputatlarımız tərəfindən konkret faktlara söykənən cavablar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR