Azərbaycan və Rusiya Baş nazirləri Dağlıq Qarabağda bərpa məsələlərini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Rusiya Baş nazirləri Dağlıq Qarabağda bərpa məsələlərini müzakirə ediblər - YENİLƏNİB
# 29 dekabr 2020 19:21 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib.

İqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyası çərçivəsində aparılan işlərin intensivləşməsinin əhəmiyyəti vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri yüksək qiymətləndirilib.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn məsələlər müzakirə edilib.

Eyni zamanda, hər iki ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Hökumət başçıları Yeni il münasibətilə bir-birilərini təbrik ediblər.

***

18:29

Azərbaycan Baş naziri Əli Əsədov və Rusiya Baş naziri Mixail Mişustin arasında bu gün telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında tərəflər Dağlıq Qarabağda bərpa işləri və iqtisadi inkişafla bağlı birgə səylərin göstərilməsini vacib sayıblar.

Azərbaycan və Rusiya Baş nazirləri iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, energetika, sənaye, nəqliyyat və digər sahələrdə birgə layihələrin reallaşdırılmasına xüsusi diqqət ayırıblar. Eyni zamanda yeni dərman vasitələri və peyvəndlərdən də istifadə edilməklə, yeni növ koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri də diqqət mərkəzində olub.

Ə. Əsədov və M. Mişustin qarşıdan gələn Yeni il münasibətilə bir-birini təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR