Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib - FOTO

Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib - FOTO
# 30 yanvar 2020 12:36 (UTC +04:00)

Bu gün Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda çıxış edən Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qısa müddət ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyətini dərinləşdirdiyini bildirib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə və türk xalqlarının mədəni və mənəvi irsinin tədqiqinə dair nailiyyətlərimizin artacağına, bu xüsusda mühüm rol oynayan təhsil və elm sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edirəm”, - deyə nazir qeyd edib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli isə rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin ötən il kifayət qədər uğurlu olduğunu diqqətə çatdırıb: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşlərində dövlət başçılarımızın verdiyi təlimatlar, Elmi Şuranın Qırğızıstanda keçirilən son toplantısında Akademiya qarşısında qoyulan məsələlər uğurla həyata keçirilib. Bir sıra təşkilatlarla əhəmiyyətli layihələr keçirmişik. Ötən il ərzində akademiya çərçivəsində 30-dan çox beynəlxalq forum, simpozium, seminar təşkil olunub. Eyni zamanda akademiya tərəfindən müxtəlif dillərdə 24 yeni kitab nəşr olunub".

Sonra 2020-ci il üzrə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycan Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə və hədiyyə C. Bayramova təqdim edilib.

Daha sonra iclasda təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR