Britaniyalı nazir Sahibə Qafarova ilə görüşüb - YENİLƏNİB

Britaniyalı nazir Sahibə Qafarova ilə görüşüb - YENİLƏNİB
# 08 fevral 2021 18:45 (UTC +04:00)

Fevralın 8-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Dövlət naziri, xanım Vendi Morton ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə siyasi əlaqələr yüksək səviyyədədir.

Sədr diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərin inkişafına böyük töhfələr verib.

S. Qafarova bildirib ki, siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz təsirini göstərib: “Bu gün ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. O cümlədən, Britaniyanın BP şirkətinin Azərbaycanda fəaliyyəti geniş ictimaiyyətə yaxşı məlumdur”.

Böyük Britaniyanın dövlət naziri Vendi Morton Azərbaycana ilk səfərinin təəssüratlarını bölüşüb.

Xanım Vendi Morton Azərbaycanda məişət zorakılığının qarşısının alınması və gender məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək parlamentin bu sahənin hüquqi bazasının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

15.30

Azərbaycanda səfərdə olan Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton bu gün Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün “Twitter” hesabında yazıb.

Səfir qeyd edib ki, İstanbul Konvensiyasının imzalanması qadınları məişət zorakılığından qorumağa kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR