Bu il XİN tərəfindən insan hüquqlarına cavabdeh olan beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilib

Bu il XİN tərəfindən insan hüquqlarına cavabdeh olan beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilib
# 29 dekabr 2020 12:51 (UTC +04:00)

2020-ci ildə Xarici İşlər Nazirliyi (XİN) tərəfindən insan hüquqları və qanunun aliliyi prinsiplərinin təşviqinə cavabdeh olan beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq uğurla davam etdirilib.

APA-nın xəbərinə görə, bu, 2020-ci ilin yekunlarına dair XİN-in Mətbuat buraxılışında öz əksini tapıb.

Bildirilib ki, Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzdən əziyyət çəkən soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət aparılıb və bu sahədə Azərbaycan tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasında irəli sürülmüş dövlətlərarası silahlı münaqişələr zamanı itkin düşmə problemlərini əhatə edən “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib.

Qeyd olunub ki, bununla yanaşı BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının 64-cü sessiyasında ölkəmizin müəllifliyi ilə irəli sürülən “Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamə layihəsi də konsensusla qəbul edilib: "Ermənistanın son təcavüzü nəticəsində həlak olmuş hərbçilərimizin nəşlərinin, eləcə də hərbi əsirlərin və bütövlükdə münaqişə ilə əlaqədar saxlanılmış şəxslərin “hamının hamıya” prinsipi əsasında qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi daxil olmaqla müvafiq beynəlxalq təşkilatlarla aparılmış davamlı işlər nəticəsində əsir və girovların qarşılıqlı qaytarılması başlayıb. 2014-cü ildən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov da azərbaycanlı əsir və girovlar arasında Vətənə qayıdıblar.

İnsan hüquqları və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan fəal əməkdaşlıqla yanaşı cari ildə mədəniyyətlərarası dialoqun təşviq edilməsinə də böyük önəm verilib. 2020-ci ilin 21 sentyabr tarixində ilk dəfə olaraq Azərbaycanın üç şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib. Sözügedən şəbəkənin əsas məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, həmçinin rifah və dayanıqlı inkişafı təbliğ etməkdən ibarətdir. Eyni zamanda, il ərzində Azərbaycanın irəli sürdüyü bir sıra milli və çoxmillətli nominasiyalar, o cümlədən "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" və "Miniatür sənəti" nominasiyaları Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR