Elmar Məmmədyarov Aİ-nin ali nümayəndəsi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıb - YENİLƏNİB

Elmar Məmmədyarov Aİ-nin ali nümayəndəsi ilə  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıb - YENİLƏNİB
# 26 fevral 2020 23:28 (UTC +04:00)

Bu ilin 25 fevral tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell ilə telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

APA xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Avropa Xarici Fəaliyyət Xidməti Avropa İttiqafının (Aİ) ali nümayəndəsi Cozef Borrell ilə Xarici İşlər naziri Elmar Məmmədyarov arasında baş tutan telefon söhbətini şərh edərkən bildirib.

L.Abdullayeva deyib ki, nazir Elmar Məmmədyarov, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edildiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və xüsusilə də Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında həll olunmasına dair Azərbaycanın prinsipial mövqeyini Aİ-nin ali nümayəndəsinin diqqətinə çatdırıb. Nazir Aİ-nin münaqişənin həlli üzrə sərgilədiyi mövqeyə və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər, həmçinin Azərbaycan və Aİ arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə aparılan danışıqların cari vəziyyəti barədə danışıblar. Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi məsələsinə toxunublar.

Tərəflər habelə, Avropanın enerji təminatında mühüm rol oynayan Cənubi Qaz Dəhlizinin həyata keçirilməsi, onun gələcəkdə genişləndirilməsi, eləcə də nəqliyat və bağlılıq məsələlərini müzakirə ediblər.

***

Saat 19:40

Fevralın 25-də Avropa İttfaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, rəsmilər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı Aİ - Azərbaycan ikitərəfli gündəliyi müzakirə edilib və yeni ikitərəfli sazişlə bağlı danışıqların aparılmasının vacibliyi barədə razılığa gəlinib.

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell iyun ayında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq barədə Azərbaycan XİN başçısına məlumat verib və Şərq Tərəfdaşlığı siyasətinə yeni təkan verməyin vacibliyini vurğulayıb. Tərəflər qarşıdan gələn Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin görüşünü və iyun sammitini səbirsizliklə gözlədiklərini bildiriblər.

Rəsmilər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş perspektivlərini də müzakirə ediblər.

Ali Nümayəndə nazir Məmmədyarova zəlzələdən sonra Albaniya üçün keçirilən Beynəlxalq Donorların konfransında iştirakına və Azərbaycanın verdiyi töhfəyə görə təşəkkür edib.

Qeyd edək ki, Avropa İttfaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla da telefon danışığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR