Paşha Bank
Bank Of Baku

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən etirazlarda 176 min nəfər iştirak edib - YENİLƏNİB

Fransada həmkarlar ittifaqlarının  çağırışı ilə keçirilən etirazlarda 176 min nəfər iştirak edib - YENİLƏNİB
# 17 noyabr 2026 22:07 (UTC +04:00)

Fransada ümummilli tətil çərçivəsində keçirilən etiraz aksiyalarında azı 176 min nəfər iştirak edib.

TF1 telekanalının ölkənin Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişlərə məktəbli və tələbə birlikləri də qoşulub.

Etirazlardan əvvəl Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə aksiyalarda 250–360 min nəfərin iştirak edəcəyini proqnozlaşdırmışdı.

Paytaxt Parisdə isə 30–60 min nümayişçinin küçələrə çıxacağı gözlənilirdi. Lakin Paris Polis Prefekturasının məlumatına görə, şəhərdə keçirilən aksiyada 28 min nəfər iştirak edib.

Bununla belə, etirazların təşkilatçılarından olan Ümumi Əmək Konfederasiyası (CGT) ölkə üzrə nümayişçilərin sayının 500 min nəfərə çatdığını açıqlayıb.

Həmkarlar ittifaqının hesablamalarına əsasən, təkcə Parisdə 175 min nəfər etiraz aksiyasına qatılıb.

Paytaxtda və Fransanın əksər şəhərlərində nümayişlər ciddi insidentlər olmadan başa çatıb.

Yalnız Nant şəhərində polis əməkdaşları ilə etirazçılar arasında toqquşmalar qeydə alınıb.

Asayiş keşikçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.

Qeyd edək ki, Fransada həmkarlar ittifaqları əməkhaqlarının artırılmasını və hökumətin əlavə büdcə qənaəti tədbirlərindən imtina etməsini tələb edirlər.


**
21:34

Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqları və tələbə təşkilatlarının çağırışı ilə keçirilən etiraz aksiyasında 28 min nəfər iştirak edib.

“Le Parisien” qəzetinin Paris Polis Prefekturasına istinadən yaydığı məlumata görə, noyabrın 17-də keçirilən nümayiş ciddi insidentlər olmadan baş tutub.

Etirazçılar Millət meydanından İtaliya meydanına qədər yürüş ediblər.

Yürüş başa çatdıqdan sonra iştirakçıların bir hissəsi ərazini tərk etsə də, digərləri şüarlar səsləndirməyə və fişənglər yandırmağa davam ediblər.

Polis qalan nümayişçiləri dağıtmaq üçün müdaxilə etməyib.

Qeyd edək ki, Fransada kütləvi etirazlar sentyabrın sonlarından davam edir.

Əvvəlcə məktəblilər təhsil müəssisələrinin vəziyyətinə, dərs cədvəllərinin həddindən artıq yüklənməsinə və müəllim çatışmazlığına etiraz olaraq məktəblərin girişlərini bağlamağa başlayıblar.

Oktyabrda isə həmkarlar ittifaqları maaşların artırılması və hökumətin əlavə qənaət tədbirlərindən imtina etməsi tələbi ilə aksiyalara qoşulublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR