Ermənistanın cinayətlərinə dair Los Ancelesdə yeni film hazırlanıb

Ermənistanın cinayətlərinə dair Los Ancelesdə yeni film hazırlanıb
  • Clock-gray 10:09
  • calendar-gray 02 Aprel 2021

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə, xüsusilə Azərbaycanın mədəni irsinin və yaşayış məkanlarının yer üzündən silinməsi siyasətinə həsr olunmuş ingilis dilində qısa film hazırlanaraq geniş yayılıb.

Konsulluqdan APA-ya verilən xəbərə görə, filmdə 2020-ci ildə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edildiyi və nəticədə təxminən 30 il ərizində Ermənistanın həmin ərazilərdə törətdiyi misli görünməmiş dağıntıların və mədəni irsimizi məhv etmə siyasətinin miqyasının daha aydın olduğu qeyd olunur.

Vurğulanır ki, bu müddətdə demək olar hər bir kənd və şəhər, azərbaycanlıların bütün evləri qarət olunaraq tamamilə yerlə-yeksan edilib.

Qeyd olunur ki, vaxtilə azərbaycanlıların sıx yaşadığı, inkişaf edən şəhərlər olan Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digərləri işğal olunduqdan sonra Ermənistan tərəfindən yer üzündən siliniblər. Ermənistanın həmin ərazilərdə saysız-hesabsız minalar yerləşdirdiyi və bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyi diqqətə çatdırılır.

Bundan başqa, filmdə Ermənistanın Qarabağda Azərbaycan mədəniyyəti və tarixinə məxsus bütün izləri yox etmək məqsədilə oradakı tarixi və mədəniyyət abidələrimizi sistemli şəkildə məhv etdiyi bildirilir. 67 məsciddən 63-nün təhqir edilərək dağıdıldığı və Zəngilan məscidi, Ağdamdakı Cümə məscidi və Qubadlıdakı Məmər məscidi də daxil olmaqla, bir çox məscidlərimizdə mal-qara və donuz saxlanıldığı qeyd olunaraq, bu cinayətləri göstərən foto və videolar təqdim olunur.

Filmdə vurğulanır ki, ümumilikdə 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən 927 kitabxana, 44 məbəd, 473 tarixi abidə, saray və muzey məhv edilib.

Sonda Ermənistanın bu dəhşətli cinayətlərə görə cavab verməli olduğu bildirilir.

Qeyd edək ki, Facebook və Twitter sosial şəbəkələrində geniş yayılan film Baş Konsulluq tərəfindən ABŞ Konqresinin üzvlərinə, xüsusilə ermənipərəst mövqeləri ilə seçilən senator və konqresmenlərə, eləcə də Kaliforniyanın və digər qərb ştatlarının qanunvericilərinə, həmçinin KİV-lərə, dini və etnik icmalara, elm və mədəniyyət xadimlərinə və müxtəlif təşkilatlara göndərilib. 

 

apa-logo-mini

Digər xəbərlər