Fransa səfirliyində 11 mart terror qurbanlarının anım mərasimi keçirilib - FOTO

Fransa səfirliyində 11 mart terror qurbanlarının anım mərasimi keçirilib - FOTO
# 11 mart 2020 11:59 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfirliyində 11 mart terror qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

APA-nın xəbərinə görə, anım mərasimində Fransa səfiri Zakari Qros, Azərbaycanın hökumət nümayəndələri, fransız ictimaiyyəti, yerli media nümayəndələri və diplomatik korpusun üzvləri iştirakı ediblər.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, 2004-cü il mart ayının 11-də Madriddə ən qanlı terror aktını yad edən Avropa anım gününə paralel olaraq, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, hər il 11 mart tarixində terror qurbanların xatirəsini yad etmək üçün hüzn günü elan etmək qərarını verib.

Onun sözlərinə görə, bu hüzn gününün məqsədi Fransada və xaricdə Fransa maraqlarına qarşı edilən hücumların qurbanı olmuş fransız və ya xarici vətəndaşların xatirəsini ehtiramla yad etməkdir.

Səfir bildirib ki, Fransa on illiklər boyu terror hücumlarından əziyyət çəkib.

Fransalı diplomat 2015-2016-cı illərdə İŞİD tərəfindən Fransada terror aktlarının törədildiyini xatırladıb.

“Biz dialoqu, tolerantlığı dəyərləndirməliyik. Bu, inteqrasiya və təhsil vasitəsilə həyata keçirilməlidir. Dini dözümsüzlüklə mübarizədə göstərdiyi səylərə, tolerantlığa bağlı olduğuna görə Azərbaycana təşəkkür edirəm”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, 2004-cü il 11 mart tarixində Madrid dəmir yolu stansiyasında, səhər saatlarında şəhərlərarası hərəkət edən 4 qatarda ard-arda 10 partlayış baş verib. Nəticədə 192 nəfər ölüb, 2050 nəfər xəsarət alıb. Partlayışların ETA tərəfindən törədildiyi təxmin edilsə də, terror aktının “Əl-Qaidə”nin törətdiyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR