GUAM PA sədrinin çağırışına əsasən Büro üzvlərinin növbədənkənar iclası olub

GUAM PA sədrinin çağırışına əsasən Büro üzvlərinin növbədənkənar iclası olub
# 24 iyul 2020 16:04 (UTC +04:00)

GUAM PA-dakı üzv ölkələr Ermənistanın Azərbaycana növbəti təcavüzünün yolverilməz olduğunu bəyan edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün Milli Məclisdə GUAM Parlament Assambleyasının videokonfrans formatında 14-cü növbədənkənar Büro iclası keçirilib.

Növbədənkənar Büro iclasının 8 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Parlament Assambleyasının üzvlərinə iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədində, Tovuz rayonu ərazisində törətdiyi təxribat barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Ermənistanın yeni ərazilər işğal etmək niyyəti ilə törətdiyi təxribat bölgədə vəziyyəti çox gərginləşdirib. E. Allahverdiyev bildirib ki, ermənilərin hərbi əməliyyatları nəticəsində Azərbaycan şəhidlər verib. O bu təxribatın dünya ölkələrinə və beynəlxalq qurumlara doğru-dürüst çatdırılması üçün GUAM PA-nın fəallaşmasına ehtiyac olduğunu vurğulayıb.

Videokonfransda iştirak edən GUAM PA-dakı Ukrayna nümayəndə heyətinin rəhbəri Yuraş Svyatoslav, Gürcüstan nümayəndə heyətinin rəhbəri Kuçava Kaxaber, Moldova nümayəndə heyətinin rəhbəri Jizdan Aleksandru GUAM ərazisində baş vermiş bütün təcavüz aksiyalarını pisləyib, Azərbaycanın Tovuz bölgəsində baş verən hərbi təxribatdan narahat olduqlarını bildirərək, Ermənistanın növbəti təcavüzünün yolverilməz olduğunu söyləyiblər.

Büro üzvləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq normativ-hüquqi aktlarda əks olunan sərhədləri çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar.

Videokonfransda Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Azər Kərimli, Fatma Yıldırım işğalçı Ermənistanın riyakar siyasəti, Tovuz bölgəsinə hücumun təfərrüatları barədə həmkarlarına dolğun məlumat veriblər. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında ​Ukrayna, Moldova və Gürcüstan parlamentarilərinin birgə fəaliyyətinin vacibliyi vurğulanıb.

Büro iclasında GUAM PA-nın üzvləri COVID-19 pandemiyası ilə əlaqədar öz ölkələrindəki vəziyyət və mübarizə tədbirləri barədə ətraflı fikir mübadiləsi də aparıb.

GUAM PA-nın Baş katibi Altay Əfəndiyev və nümayəndə heyətlərinin rəhbərləri əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair rəy və təkliflərini diqqətə çatdırıb. Pandemiya dövründə bu formatda onlayn görüşlərin intensivləşməsinin vacibliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR