Hikmət Hacıyev: "Azərbaycan UNESCO ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır və özünə münasibətdə eyni yanaşmanı gözləyir"

Hikmət Hacıyev: "Azərbaycan UNESCO ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır və özünə münasibətdə eyni yanaşmanı gözləyir"
# 28 dekabr 2020 18:45 (UTC +04:00)

“UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan silahlı münaqişələr dövründə mədəni abidələrin qorunması məsələsinə xüsusi diqqət ayırıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində “UNESCO ilə münasibətlərimizin gələcəyi barədə” suala cavabında deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan 2011-ci ildə UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə üzv seçilib və onun çərçivəsində fəal üzv kimi təşəbbüslərlə çıxış edib: “2012-2013-cü illərdə komitə çərçivəsində “İşğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması” adlı sənəd müzakirə edilib və qəbul olunub: "Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə hazırlanmış bu sənəd dünyada olan münaqişələr zamanı, işğal altındakı ərazilərdə UNESCO Katibliyinin mədəni abidələrin qorunması ilə bağlı atmalı olduğu addımları ehtiva edirdi.

Azərbaycanın özü işğaldan əziyyət çəkmiş bir ölkə kimi nəinki yalnız işğal olunmuş ərazilərimizdə, eləcə də bütün dünyada mədəni abidələrin dağıdılması məsələsinə həssaslıqla yanaşıb və UNESCO ilə bu sahədə əməkdaşlığa daim önəm verib. Bizim düşüncəmiz belə olub ki, mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur.

2016-cı ildə UNESCO tərəfindən Mədəni abidələrin qorunması üzrə ilk “Hərbi bələdçi” hazırlanıb. Bu bələdçi çox önəmli nəşrdir və fərqli dillərə tərcümə edilərək bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən NATO tərəfindən istifadə edilir. Bələdçinin hazırlanması üçün maliyyə töhfəsini məhz Azərbaycan verib. Həmçinin onun müəllifləri arasında İtaliya, İngiltərə, Fransa mütəxəssisləri ilə yanaşı, azərbaycanlı ekspert də yer alıb. Bu, ölkəmizin mədəni abidələrin qorunması sahəsinə verdiyi önəmin, eləcə də bu sahədə olan nüfuzunun göstəricisidir.

Həmçinin UNESCO-nun ən mötəbər qurumlarından olan Ümumdünya İrs Komitəsində 2015-2019-cu illər ərzində üzvlüyü zamanı da Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması məsələsini daim gündəmdə saxlayıb.

UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz onun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəni irsin qorunması sahəsində önəmli layihələr həyata keçirilib, məktəblər inşa edilib, məscidlər, kilsələr, tarixi abidələr bərpa olunub.

Beynəlxalq hüquqa, beynəlxalq humanitar fəaliyyətə, multikulturalizmə böyük əhəmiyyət verən Azərbaycan UNESCO ilə bundan sonra da səmərəli, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Azərbaycan UNESCO-dan da özünə münasibətdə eyni yanaşmanı gözləyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR