Millət vəkili: “Azərbaycan Prezidentinin Xocalı soyqırımı günündə keçirdiyi mətbuat konfransı beynəlxalq informasiya məkanında növbəti qələbəmizdir”

   Millət vəkili: “Azərbaycan Prezidentinin Xocalı soyqırımı günündə keçirdiyi mətbuat konfransı beynəlxalq informasiya məkanında növbəti qələbəmizdir”
# 27 fevral 2021 19:38 (UTC +04:00)

“Prezident İlham Əliyev məhz 26 fevral – Xocalı soyqırımı günündə xarici və yerli media nümayəndələri üçün mətbuat konfransı keçirərək yüksək diplomatik məharət, natiqlik nümayiş etdirdi”.

Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

Millət vəkili deyib ki, dövlət başçısı mətbuat konfransında bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirib, aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəldib, Azərbaycanın informasiya cəbhəsində mövqeyini daha da gücləndirib: “Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsidir. Nəzərə alınmalıdır ki, bu mətbuat konfransının keçirilməsi Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf etdi və beynəlxalq media vasitəsilə Xocalı həqiqətlərini geniş formada dünya ictimaiyyətinə çatdırıldı”.

C. Osmanov qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi dönəmində də Azərbaycan Prezidenti xarici mediaya çoxsaylı müsahibələr verib. Bu müsahibələr Azərbaycanın haqlı mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynayıb, həmin həssas dönəmdə həm də diplomatik müstəvidə Azərbaycanın qələbəsini şərtləndirib: “Vətən müharibəsi dönəmində Azərbaycan Prezidenti ən qərəzli KİV-lərin jurnalistlərinə müsahibələrində belə hər kəsdə rəğbət doğuran təmkin, nəzakət, məntiq, yüksək səviyyəli diplomatik peşəkarlıq nümayiş etdirib. Fevralın 26-da təşkil edilən mətbuat konfransında dövlət başçısı bir daha xarici media nümayəndələrini heyrətləndirən peşəkar xüsusiyyətləri ilə fərqləndi. Prezident İlham Əliyev bütün suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verdi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etdi. Azərbaycan Prezidentinin mesajları gün ərzində dünyanın aparıcı KİV-lərinin manşetlərində yer aldı, böyük rezonans doğurdu. Təsadüfi deyil ki, hətta elə mətbuat konfransının gedişində mətbuat konfransının davam etmə müddətini dünya rekordu kimi səciyyələndirən Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal da bildirdi ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmayıb”.

Millət vəkili Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti ilə əlaqədar Azərbaycan tərəfindən beynəlxalq, regional layihələrdən təcrid edildiyini xatırladıb. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hücum diplomatiyası sayəsində Ermənistanın münaqişə ilə bağlı yalan və iftiralardan ibarət olan arqumentləri ifşa olunub, Azərbaycanın dünyada müttəfiqləri, dostları, tərəfdaşları artıb: “Prezident İlham Əliyevə böyük etimadın nəticəsidir ki, Vətən müharibəsi dövründə dövlət başçımız dünyada BMT-dən sonra üzv dövlətlərin sayına görə ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının sədri statusunda idi. BMT Baş Assambleyasında isə Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə sahəsində təşəbbüsü yüksək qiymətləndirilmiş və xüsusi sessiyanın keçirilməsi barədə artıq qərar qəbul olunmuşdu. Bu təşəbbüsə qarşı çıxan Ermənistan isə bir daha tragikomik duruma düşmüşdü. Bir sözlə, Prezident İlham Əliyevin hücum diplomatiyası sayəsində axiz duruma düşən, uzun illər ərzində bütün beynəlxalq, regional layihələrdən təcrid edilən, iqtisadi cəhətdən sarsılan, çökən Ermənistanın məğlubiyyəti qaçılmaz idi. Xocalı soyqırımının ildönümündə keçirilən mətbuat konfransında da dövlət başçısı Ermənistanın düşdüyü vəziyyətin səbəblərini bir daha açıqladı, bunun Köçəryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasəti və əsassız iddialardan əl çəkməməsinin, Azərbaycanın işğalçıya münasibətdə apardığı siyasətin nəticəsi olduğunu izah etdi. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə minalanmış ərazilərin xəritələrini təqdim etməyən Ermənistanı ifşa etdi, Ermənistana bununla əlaqədar beynəlxalq reaksiyaların olmamasını tənqid etdi. Azərbaycanın Vətən müharibəsi dövründə dinc erməni xalqına münasibətdə sərgilədiyi nümunəvi addımlar və Ermənistanın davranışlarının müqayisəli təhlilini apardı. O cümlədən Ermənistan hakimiyyətinin Xankəndidə və hazırda erməni əhalinin yaşadığı digər Azərbaycan torpaqlarındakı təxribat xarakterli hərəkətlərinin diqqətlə izlənildiyi, yolverilməzliyi və sülhə xidmət etmədiyini vurğuladı, status məsələsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, Ermənistanın bu məsələni gündəmə çıxarmağa çalışmasının fərqli məqsədə xidmət etdiyini nəzərə çatdırdı. Bu, bir daha dünya ictimaiyyətinə Ermənistanın ifşası yönündə ünvanlanmış aydın mesajlar idi. Bununla bərabər, dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə mərhələli əsasda quruculuq və bərpa işlərinin, nəqliyyat-logistika planlarının reallaşdırılması və onların əhəmiyyəti barədə geniş danışdı, görmək istədiyi Qarabağın efir portretini beynəlxalq aləmə təqdim etdi. Bu mesajların dünyanın nüfuzlu KİV-lərinin manşetlərində yer alması və doğurduğu əks-səda Azərbaycan Prezidentinin Xocalı soyqırımı günündə keçirdiyi mətbuat konfransının beynəlxalq informasiya məkanında növbəti qələbəmiz olduğunu təsdiqləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR