Nazir: “Bölgədə yaranmış yeni reallıq Azərbaycan və ATƏT arasında dialoqun xeyli zənginləşməsinə səbəb ola bilər”

Nazir: “Bölgədə yaranmış yeni reallıq Azərbaycan və ATƏT arasında dialoqun xeyli zənginləşməsinə səbəb ola bilər”
# 15 mart 2021 13:08 (UTC +04:00)

“Təhlükəsizlik, iqtisadiyyat və insan ölçüsü istiqamətdə Azərbaycan ATƏT-lə əməkdaşlığı vacib hesab edir və bu istiqamətlərdə əməkdaşlıq davam etdiriləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, bölgədə yaranmış yeni reallıq, yeni tranzit imkanları Azərbaycan və ATƏT arasında dialoqun xeyli zənginləşməsinə səbəb ola bilər: “Ermənistanın növbəti təxribatına cavab olaraq 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında olan Azərbaycan torpaqları azad edilib. Azərbaycanın BMT qətnamələri, ATƏT qərarlarında qəbul olunan ərazi bütövlüyü bərpa edilib. Bölgədə yaranmış vəziyyət yeni təhlükəsizlik formatının yaradılmasına, ölkələr arasında əməkdaşlığın genişlənməsinə münbit imkan yaradır. Azərbaycan Helsinki Yekun Aktına, ərazi bütövlüyü, sərhədlərin pozulmaması əsasında ölkələr arasında münasibətlərin normallaşmasına tərəfdardır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar bölgədə sülhün yaradılmasını təmin edir. ATƏT və Azərbaycan arasında həyata keçirilən layihələr bu istiqamətdə vəziyyətin stabilləşməsinə mühüm töhfə verə bilər. Postmüharibə dövründə minaların təmizlənməsi, icmalar arasında etimad mühitinin yaradılması və digər istiqamətlərdə mühüm imkanlar mövcuddur”.

Xarici işlər naziri qeyd edib ki, İsveç və Azərbaycan əməkdaşlığı bölgədə əməkdaşlığın inkişaf etdirilməsi baxımından da mühümdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR