Polad Bülbüloğlu: “Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən qəti şəkildə imtina edir”

Polad Bülbüloğlu: “Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən qəti şəkildə imtina edir”
# 17 mart 2021 03:56 (UTC +04:00)

Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən qəti şəkildə imtina edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Nezavisimaya qazeta”ya müsahibəsində bildirib.

O, ilk növbədə bu günə kimi davam edən dinc sakinlərin mənasız ölümlərini dayandırmağın vacibliyini söyləyib: “Siz yəqin ki, ikinci Qarabağ müharibəsində bombalanma zamanı 100-dən çox dinc sakinin həlak olduğunu, Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlərin yaşayış məhəllələrinin dağıdıldığını bilirsiniz. Lakin ən qorxulusu müharibədən sonra insanların sözün əsl mənasında torpaqlarımıza səpilən minaların partlaması zamanı həlak olmasıdır. Mütəxəssislərin ən nikbin proqnozlarına görə, azad olunmuş ərazilərin minalardan tam təmizlənməsi 10 ildən 15 ilə qədər davam edə bilər, Azərbaycan tərəfinin ən müasir avadanlıqlardan istifadə etməsinə və istehkamçıların maksimal dərəcədə qorumasına baxmayaraq, əhəmiyyətli maddi sərmayə tələb edəcək. Bu təhlükəli işdə bizə Rusiya sülhməramlıları yardım edir, hansı ki, onlardan biri də bir müddət əvvəl minaya düşərək həlak oldu, digər bir neçəsi isə yaralandı. Bu işə eləcə də türkiyəli mütəxəssislər cəlb olunublar. Lakin bununla belə, erməni tərəfi minalanmış sahələrin xəritələrini təqdim etməkdən qəti şəkildə imtina edir”.

Azərbaycanlı diplomat erməni diversiya qruplarının dinc dövrlərdə törətdiyi terror aktlarından danışıb: “Təəssüf ki, ancaq onu deyə bilərəm ki, erməni təxribat qrupları dinc dövrdə də partlayıcı maddələrdən aktiv şəkildə istifadə edirlər. Yaşlı nəsil moskvalılar 1977-ci ildə ictimai yerlərdə baş vermiş üç partlayış şəklində seriya terror aktlarını yaxşı xatırlayarlar: “İzmaylovskaya” metro stansiyasında vaqonda, Lubyankadakı ərzaq mağazasında və 25 oktyabr küçəsindəki ərzaq mağazasındakı partlayışları... Bu partlayışlar nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb. Cinayətin təşkilatçıları Ermənistanın Milli Birləşmiş Partiyasının üzvləri olan Stepan Zatikyan, Akop Stepanyan, Zaven Baqdasaryan mühakimə olunaraq ölüm cəzasına məhkum ediliblər. Maraqlıdır ki, bu terrorçu qrup Moskva-Bakı marşrutu istiqamətində hərəkət edən qatara bomba yerləşdirərkən yaxalanıblar. Əldəqayırma partlayıcı qurğulardan bundan sonra da erməni diversiya qrupları tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə qarşı fəal şəkildə istifadə olunub.

Demək lazımdır ki, Azərbaycanın dinc əhalisinə və Ermənistanın azərbaycanlı əhalisinə qarşı terror aktları erməni millətçiləri tərəfindən uzun illər mütəmadi və planlı şəkildə həyata keçirilib. Erməni separatçılarının törətdikləri cinayətlərin uzun siyahısı ilə oxucuları darıxdırmaq istəmirəm, amma bu məsələ ilə maraqlananlar üçün Oleq Kuznetsovun bütün bu faktların olduğu “XX əsrdə Transmilli Erməni Terrorizminin Tarixi” kitabını tövsiyə edə bilərəm, hansı ki, bu kitabda faktlar kifayət qədər ətraflı şəkildə öz əksini tapıb. Eləcə də bu mövzuda genocide.preslib.az saytını məsləhət verə bilərəm.

Avtobuslarda, sənaye və infrastruktur obyektlərində partlayışlar, körpülər və daha çox şey... Bakı metrosunda yalnız iki partlayış nəticəsində 27 nəfər həyatını itirib və 100-ə yaxın sərnişin xəsarət alıb. Türkmənistanın Krasnovodsk şəhərindən (indiki Türkmənbaşı) Bakıya sərnişin daşıyan “Sovetskaya Kalmıkiya” dəniz bərəsində digər partlayış nəticəsində 25 nəfər ölüb, 88 nəfər yaralanıb. Ümumiyyətlə, 1988-1993-cü illərdə terror aktları nəticəsində 1250 nəfər öldürülüb, 1283 nəfər yaralanıb, 65 nəfər itkin düşüb. Bu cür faktlar çoxdur və onlar dəhşətlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR