Postpandemiya dövründə Belarus-Azərbaycan münasibətlərinin inkişaf imkanları müzakirə olunub

Postpandemiya dövründə Belarus-Azərbaycan münasibətlərinin inkişaf imkanları müzakirə olunub
# 25 iyun 2020 15:50 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Belarusun Strateji Araşdırmalar İnstitutu ilə birlikdə “Postpandemiya dövründə Belarus-Azərbaycan münasibətlərinin inkişafı” adlı vebinar keçirib.

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış nitqi ilə çıxış edən BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Belarus koronavirus böhranına fərqli münasibət sərgiləyən ölkələr sırasındadır.

F. Şəfiyev pandemiya ilə bağlı proqnozlarının pessimist olmadığını əlavə edib.

Daha sonra çıxış edən Belarus Strateji Araşdırmalar İnstitutunun direktoru Oleq Makarov Belarus və Azərbaycanın məsafəyə baxmayaraq çox yaxın xalqlar və dövlətlər olduğunu bildirib.

Oleq Makarov pandemiya zamanı Belarus karantin elan etmədiyi üçün bəzi təzyiqlərə məruz qaldığını vurğulayıb. Oleq Makarovun fikrincə, bununla bağlı ölkələrin mövqeyi siyasiləşdirilməməlidir.

Milli Məclisin deputatı Rasim Müsabəyov çıxışında bildirib ki, heç kim virusun nə zaman bitəcəyini bilmir. Millət vəkili qeyd edib ki, pandemiya turizm, aviasiya kimi sahələrə ciddi təsir edib, istehsal zənciri pozulub.

Belarus Təhlükəsizlik Şurası Dövlət Katibliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Sergey Martınenko çıxışı zamanı bildirib ki, peyvənd tapılmayınca koronavirus davam edəcək və insanlar ənənəvi həyat tərzlərini davam etdirməyə çalışırlar.

BMTM-nin şöbə müdiri Fuad Çıraqov bildirib ki, ölkələr bu çətin günlərdə stabillik və təhlükəsizliyə təhdid olan bir sıra çağırış və böhranlarla da qarşılaşıb. Onun sözlərinə görə, regional güclər və dünya güc mərkəzləri ölkələrimizdə xüsusi maraqlara malikdirlər, lakin strateji tərəfdaşlarla qarşılıqlı fayda verən əməkdaşlıq nəticəsində ölkələrimiz regional və dünya siyasətinin obyekti deyil, subyekti qismində çıxış edə bilərlər.

Daha sonra Belarus Strateji Araşdırmalar İnstitutunun analitiki Asya Penteqova və Aİ və ABŞ üzrə bölməsinin rəhbəri İvan Jarkov postpandemiya dövründə əsas trendlər, koronavirusun iqtisadi təsirləri, Belarus-Azərbaycan münasibətlərinin gələcək perspektivləri, informasiya hücumları və beyin mərkəzlərinin əməkdaşlığı ətrafında çıxış ediblər.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR