Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - YENİLƏNİB
  • Clock-gray 22:29
  • calendar-gray 20 Fevral 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

APA xəbər verir ki, Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinə dəvət olunmasına görə təşəkkürünü ifadə edib. Dövlətimizin başçısı bildirib ki, səfər çərçivəsində bu gün imzalanan və sabah imzalanacaq sənədlərin sayı 25-dən çoxdur. İmzalanan sənədlər içərisində “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Bu bəyannamə təsdiq edir ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. İtaliya iqtisadi sahədə Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar. Səfər çərçivəsində keçiriləcək biznes forumda aparılacaq müzakirələr və əldə olunacaq razılaşmalar ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasına təkan verəcək. Cənubi Qafqaz ölkələri arasında İtaliyanın ticarət dövriyyəsinin 92 faizi məhz Azərbaycanın payına düşür. Hazırda Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollardan artıqdır. TAP layihəsinin başa çatmasından sonra bu rəqəmin daha da artması gözlənilir. TAP layihəsi vasitəsilə Azərbaycan təbii qazı İtaliya bazarına daxil olacaq.

Dövlətimizin başçısı bildirib ki, parlamentlərarası əlaqələr əməkdaşlığımızda çox mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirildi. Azərbaycan və İtaliya parlamentləri beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İtaliyanın mövqeyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı Birgə Bəyannamədə İtaliyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına ifadə olunan dəstəyinin, münaqişənin BMT və ATƏT-in müvafiq sənədləri əsasında həllinə dair mövqeyinin təqdir olunduğunu qeyd edib. Həmçinin İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək dəyərləndirilib.

Deputatlar Palatasının sədri Roberto Fiko Azərbaycan ilə İtaliya arasında əlaqələrin dostluq xarakteri daşıdığını qeyd edib. O, Azərbaycanın İtaliyanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına və dərinləşməsinə ciddi təkan verəcəyini bildirib.

 

Dövlətimizin başçısı Roberto Fikonu Azərbaycana səfərə dəvət etdi. Deputatlar Palatasının sədri münasib vaxtda ölkəmizə səfər etmək arzusunda olduğunu deyib. O, əminliyini bildirib ki, sabah keçiriləcək biznes forum, imzalanacaq sənədlər İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək. Deputatlar Palatasının sədri qeyd edib ki, İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakı onların texniki biliklərinin ölkəmizə ötürülməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

***

Saat 20:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

apa-logo-mini

Digər xəbərlər