Prezident İlham Əliyev Qarabağa sərmayə qoyuluşu məsələsinə münasibət bildirib

Prezident İlham Əliyev Qarabağa sərmayə qoyuluşu məsələsinə münasibət bildirib
# 27 fevral 2021 02:19 (UTC +04:00)

“Müharibənin başa çatmasını nəzərə alsaq, indi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq. Ermənistana gəlincə, onların, sadəcə olaraq, buna imkanları yoxdur və fikirləşirəm ki, mənim barəsində danışdığım və sitat gətirdiyim özünəqəsd hətta onların vəziyyətində belə ən yaxşı çıxış yolu deyil. Ona görə də əminəm ki, investisiyalar olacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, ölkəmiz hələ müharibədən əvvəl bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olub: “İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Lakin mən o vaxt dedim, bu, o demək deyil ki, uğur qazana bilməyən digər şirkətlər kənarda qalacaq. Buna görə də biz indi bu sahəyə sərmayə yatırmaq istəyən şirkətləri cəlb edirik. Məhz azad edilmiş ərazilərdə bunun üçün yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni, bu, çox böyük perspektivə malikdir. Üstəlik, dediyim kimi, biz artıq Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.

Dövlətin 2,2 milyard manat investisiyasına gəlincə, fikrimcə, bu, başlanğıc üçün məqbul məbləğdir. Onu da deyim ki, Qarabağın bərpası barədə mənə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Yəni, bu, nə deməkdir? Bu, o deməkdir ki, hələ layihələr yoxdur. Çünki layihələr infrastruktur layihələridir, biz onlara vəsait ayırırıq. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir. Tikintinin özünə gəlincə, buna hələ heç nə ayırmırıq, çünki bu layihələr hələ mövcud deyil. Biz şəhərsalmada, hətta Bakı şəhərinin tikintisi zamanı buraxılan səhvlərə yenidən yol verməməkdən ötrü hər şeyi düzgün planlaşdırmaq istəyirik. Tikintinin xaotik, nəzarətsiz, əksər hallarda belə adi və aydın olmayan sxemlər üzrə getdiyi digər şəhərlərdə. Qarabağ zonasında belə olmamalıdır. Təkcə Qarabağ zonasında deyil, bu artıq təcrübə olacaq, həmin təcrübə paralel olaraq Azərbaycanın bütün başqa ərazilərində də tətbiq ediləcək. Buna görə də hər şey düzgün planlaşdırılmalıdır. Harada nə yerləşdirilməlidir, hansı infrastruktur layihələri həyata keçirilməlidir ki, hər şey plan üzrə getsin. Əlbəttə ki, dövlət bütün infrastruktur sahəsini, üstəlik mənzil fondunun böyük hissəsini də öz üzərinə götürəcək. Lakin şəhərsalmanın və ekologiyanın bütün normalarına riayət olunmaqla razılaşdırılmış layihələr üzrə xüsusi ayrılmış yerlərdə özəl şirkətlər də investisiya qoymaq imkanına malik olacaqlar. Bax, təxminən yanaşmanı belə görürük. Kəndlərə gəlincə, bu ərazilərdə yüzlərlə kənd azad edilib. Bəzi kəndlərdə əvvəllər 5 ev, 6 ev, 7 ev olub. Yəqin ki, onlar prioritet olmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR