Səfir: "Pakistan Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir"

Səfir: "Pakistan Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir"
  • Clock-gray 12:26
  • calendar-gray 07 Noyabr 2020

"Ermənistan-Azərbaycan münaqişəsində Pakistan Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir və daim Azərbaycanın yanındadır".  İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye nazir Mikayıl Cabbarovla görüşü zamanı deyib.

Ölkədə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. 

Nazir M. Cabbarov öz növbəsində vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.

İqtisadiyyat naziri təcavüzkar Ermənistanın silahlı birləşmələrinin sentyabrın 27-dən başlayan növbəti hərbi təxribatları, ağır artilleriya və raket qurğuları ilə mülki əhaliyə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Mikayıl Cabbarov son günlərdə Pakistanda baş verən və insan tələfatı ilə nəticələnən terror aktlarının qəti şəkildə pislənildiyini vurğulayıb və səfirə dərin hüznlə başsağlığı verib.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər barədə müzakirələr aparıb.

Hüseyn Vəliyev

Digər xəbərlər