Səfir Tacikistan mətbuatını Ermənistanın son təxribatları barədə məlumatlandırıb

Səfir Tacikistan mətbuatını Ermənistanın son təxribatları barədə məlumatlandırıb
# 29 iyul 2020 11:26 (UTC +04:00)

İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması və xarici ölkələrdə həmvətənlərimiz tərəfindən keçirilən dinc yürüşlərə qarşı ermənilər tərəfindən vandalizm aktlarının həyata keçirilməsi ilə bağlı Tacikistan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrini məlumatlandırmaq məqsədi ilə iyulun 28-də Azərbaycan Tacikistandakı Səfirliyinin inzibati binasında mətbuat konfransı keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, 10-dan artıq qəzet, informasiya agentliyi və televiziya jurnalistinin iştirak etdiyi konfransda səfir Həsən Məmmədzadə çıxış edib.

Səfir son günlər Ermənistan hərbi qüvvələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın silahlı qüvvələrinin mövqelərinə hücum edərək növbəti hərbi təxribat törətmələri barədə danışıb, erməni silahlı qüvvələrinin hücumu nəticəsində 12 hərbçimizin, o cümlədən yüksək çinli zabitlərimizin həlak olduğunu, mülki əhali və mülki obyektlərin atəşə tutulduğunu, beləliklə də beynəlxalq humanitar hüquq və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və konvensiyalarının kobud şəkildə pozulduğunu bildirib.

Ermənistanın bu hücumu törətməkdə məqsədinin həmin ərazidən keçən Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmaq olduğunu bildirən səfir Azərbaycanın sərhəd zonasında hərbi məqsədlərinin olmadığını, ölkəmizin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə çalışdığını qeyd edib.

Daha sonra KİV nümayəndələrinə, son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və dövlət rəmzlərinə qarşı vandalizm aktlarının və nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı foto və videofaktlar nümayiş etdirilib.

Sonda Həsən Məmmədzadə jurnalistlərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR