Türkiyə səfirliyi “15 iyul Demokratiya və Milli Birlik Günü” münasibəti ilə videokonfrans formatında tədbir keçirib

Türkiyə səfirliyi “15 iyul Demokratiya və Milli Birlik Günü” münasibəti ilə videokonfrans formatında tədbir keçirib
# 15 iyul 2020 13:11 (UTC +04:00)

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi “15 iyul Demokratiya və Milli Birlik Günü” münasibəti ilə videokonfrans formatında anım tədbiri təşkil edib.

APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini müşavir Zəki Yavuzyılmaz, Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşavirləri Mehmet Tomruk və Əli Dəmir, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə 15 iyul çevrilişə cəhd gecəsi şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Erkan Özoral bildirib ki, 251 vətəndaşıın şəhid olması və 2000-dən çox insanın yaralanması ilə nəticələnən 15 iyul hadisələrindən 4 il ötür:

“Türk xalqı 15 iyul gecəsi çevrilişə cəhd edənlərə cavab verib və Türkiyə Cumhuriyyətinin müstəqilliyinə heç kimin əngəl ola bilməyəcəyini bütün dünyaya göstərib. 4 il ərzində dövlətimizin siyasətində prioritet istiqamət FETÖ ilə mübarizə olub. Bu illər ərzində çevrilişə cəhd edənlərin ədalət qarşısında hesab verməsi təmin edilib, FETÖ-nün dövlət qurumları içərisindəki qruplaşmaları deşifrə edilib. Qruplaşmanın paralel dövlət qurmaq planı məhv edilib. Azərbaycan FETÖ ilə mübarizədə Türkiyənin ən böyük dəstəkçilərindədir. 15 iyul gecəsində də Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ilk zəng edən dövlət başçısı oldu. Bu baxımdan Azərbaycana borcluyuq. Azərbaycan FETÖ ilə mübarizə sahəsində xüsusi önəmə sahib ölkədir”.

Səfir həmçinin, Tovuz istiqamətində ermənilərin Azərbaycana qarşı təxribatını pisləyib:

“Ümid edirik, Qarabağ tezlikdə yenidən öz sahibinə geri dönəcək. Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir. Həmin gecə şəhid olanlardan Azərbaycan vətəndaşları da var idi. Mahmud Coşqun və Nigar Coşqunun həmin gecə etdikləri Azərbaycan-Türkiyə birliyini göstərir. Azərbaycan və Türkiyə bu gün hər cür təhdidə qarşı bir yerdədir. 1918-ci ildə Türkiyə və Azərbaycan necə birlikdə mübarizə aparırdısa, 15 iyul çevrilişə cəhd gecəsi də Azərbaycan Türkiyəyə bu dəstəyi verdi. Türkiyə olaraq Azərbaycanın yanında olduğumuzu hər fürsətdə qeyd etmişik. Dünən axşam Prezident Rəcəb Tayyib Ərdoğan da bunu bir daha bəyan etdi ”.

Tədbir daha sonra iştirakçıların çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR