Vyetnamda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa keçirilib - FOTO

Vyetnamda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa keçirilib - FOTO
# 10 oktyabr 2020 11:56 (UTC +04:00)

Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: son gərginlik və münaqişənin regional təhlükəsizliyə təsiri” mövzusunda dəyirmi masa təşkil olunub.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Vyetnamın dövlət qurumlarının nümayəndələri, ölkənin Kommunist partiyasının rəsmiləri, həmin ölkədə fəaliyyət göstərən müxtəlif dövlətlərin səfirləri və diplomatik korpusun digər nümayəndələri, habelə Vyetnam televiziyası və mətbu orqanlarının təmsilçiləri iştirak ediblər.

Tədbiri çıxış edən səfir A. İmanov Ermənistanın Azərbaycana qarşı işğalı barədə məlumat verib. O, Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, regionun sabitliyi və inkişafına təsiri, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi, münaqişə bağlı beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin qəbul etdiyi qətnamələr haqqında ətraflı məlumat verib. Səfir xüsusilə qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi rayonunun işğalı və həmin ərazilərdə Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurd yuvalarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Həmçinin səfir 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş növbəti hərbi təxribat nəticəsində yaranmış vəziyyət, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinin atəşə tutulması və nəticədə mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananların olduğu, habelə Azərbaycan Ordusunun bu hücumların qarşısının alınması məqsədilə əks hücum əməliyyatı və bu əməliyyat nəticəsində Azərbaycanın bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunduğu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə iştirak edən Türkiyənin Vyetnamdakı səfiri Haldun Tekneci çıxışında bildirib ki, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəsinin daim Azərbaycanı dəstəklədiyini bildirərək, Ermənistanın təcavüzkar siyasətindən əl çəkməyə çağırıb və münaqişənin həlli ilə bağlı Minsk Qrupu həmsədrlərinin səylərinin artırılmasını və beynəlxalq normalara riayət etməsi üçün Ermənistana ciddi təzyiq göstərməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Diplomatik korpusun duayeni Fələstin Dövlətinin səfiri, Saadi Salama Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə bağlı İslam Konfransı Təşkilatı (İKT) tərəfindən 28 sentyabr, 2020-ci ildə qəbul olunmuş bəyanat barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir S. Salama vurğulayıb ki, İKT Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalını və davamlı olaraq təkrarlanan təxribatlarını pisləyərək Azərbaycan ilə həmrəyliyi ifadə edib, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının və İKT-nin qətnamələrini həyata keçirilməsinə çağırıb. Səfir İKT Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını və münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmasına çağırdığını bildirib.

Tədbirin davamında çıxış edən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin Direktoru Dao Xuan Tien Dağlıq Qarabağın tarixindən ətraflı məlumat vermiş, faktlar gətirərək Qarabağın Azərbaycanın ən qədim tarixi bölgələrindən biri olduğunu vurğulayıb. O, Azərbaycan tarixinin bütün dövrlərində, o cümlədən ölkəmizin Rusiya İmperiyası və Sovet İttifaqının tərkibində olduğu zaman, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna dair materiallardan və sənədlərdən bəhs etmişdir. Dao Xuan Tien ermənilərin Azərbaycan torpağlarına köçürülməsi barədə də ətraflı danışmışdır. Həmçinin o işğal altında olan ərazilərdə Azərbaycan xalqına məxsus olan tarixi və mədəni abidələrin Ermənistan tərəfindən məhv etmək siyasətinin nəticələri barədə geniş məlumat vermişdir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazilərində arxeoloji qazıntıların geniş istismarı və qədim dövrlərə aid maddi-mədəniyyət nümunələrinin özününküləşdirilməsi, və bu kimi vandalizm aktlarının işğal edilmiş ərazilərin Azərbaycana məxsus mədəni görünüşünü dəyişmək üçün həyata keçirdiyini nəzərə çatdırılmışdır.

Daha sonra Vyetnamın Frankofoniya İnstitutunun direktoru Ngo Tu Lap çıxış edərək ölkəsinin uzun illər müharibədən əziyyət çəkdiyi səbəbindən Azərbaycan xalqını yaxşı başa düşdüyünü, Ermənistanın dinc əhaliyə qarşı hərbi əməliyyatlarını pislədiyini vurğulamışdır. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının qəbul edilməzliyini bildirmiş, münaqişənin tezliklə vasitəçilərin səylərinin artırılması şərti ilə sülh yolu ilə həll olunmasının vacibliyini xüsusi qeyd edib.

Tədbir zamanı Azərbaycan həqiqətlərini əks etdirən foto və video-materiallardan geniş istifadə edilib, Xocalı soyqırımına dair sənədli film nümayiş etdirmiş, Səfirlik tərəfindən Vyetnam dilində dərc edilmiş “Erməni terrorçuluğu” və “Xocalı soyqırımı” adlı kitablar və İRS jurnalının Vyetnam dilində buraxılışları tədbir iştirakçılarına təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR