Yankauskas: “Azərbaycanla təhsil sahəsində də strateji tərəfdaş olacağıq”

Yankauskas: “Azərbaycanla təhsil sahəsində də strateji tərəfdaş olacağıq”
# 16 fevral 2021 16:12 (UTC +04:00)

“Bizi birləşdirən ortaq məqamlardan biri də hər birimizin övladlarımıza yaxşı təhsil vermək istəyimizdir. Çünki yaxşı təhsil onlara gələcək üçün daha gözəl imkanlar təmin edir”.

APA-nın xəbərinə görə, bunu “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin təqdimatında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, Azərbaycan və Aİ enerji sahəsində uzunmüddətli tərəfdaşdır.

“Düşünürəm ki, bu layihənin başlaması ilə biz həm də təhsil sahəsində strateji tərəfdaş olacağıq. Biz illərdir ki ali təhsil, inklüziv təhsil, məktəbə qədər təhsilin modernləşdirilməsi, cəmiyyətin təhsildə iştirakı və s. sahələrdə əməkdaşlıq etmişik. Bu gün isə peşə təhsili sahəsində çalışırıq. Biz Aİ-nin ən yaxşı standartlarını və ən yaxşı təcrübəni bölüşürük. Bu proqram insan kapitalına qoyulan ən yaxşı investisiyadır. Çünki vacib olan insanlardır, bu insanların fikirləri, yaradıcılığı, onların məhsuldarlığı və bacarıqlarıdır.

Azərbaycan yeni milli prioritetlərini açıqlayıb. Bu prioritetlərə baxsanız böyüyən rəqabətli iqtisadiyyat, cəmiyyət, innovasiyalar, müasir inkişaf, yaşıl böyümə və s. görəcəksiniz. Bütün bunlar müvafiq təhsil, bacarıqlar, insanların iqtisadiyyatın şaxələndirilməsində aktiv iştirakı olmadan mümkün ola bilməz. Bacarıqlara əsaslanan bazar üçün bunlar lazımdır. Bu həm imkandır, həm də gələcək inkişaf üçün mühərrik rolunu oynayır. Biz istəyirik ki, peşə təhsili gənclər üçün ikinci və ya üçüncü dərəcəli seçim olmasın. Biz istəyirik onlar bilsin ki, bacarığı, ixtisası seçmək keyfiyyətə, onların həyat boyu bacarıqlarına zəmanət verir. Bu onlara gələcəkdə iş tapmaq zəmanəti verir, özlərini və ailələrini dəstəkləmək imkanı verir”, - deyə K. Yankauskas vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR