Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasında əldə edilən razılaşmalar açıqlanıb

Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasında əldə edilən razılaşmalar açıqlanıb
# 16 sentyabr 2019 16:50 (UTC +04:00)

Azərbaycanla Türkiyə arasında 2002-ci ildə 296 milyon dolar səviyyəsində olan ticarət dövriyyəsi 2018-ci ilin sonunda 3,2 milyard dollara çatıb.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

F. Oktay deyib ki, Türkiyənin Azərbaycana qoyduğu birbaşa sərmayənin həcmi 11 milyard dollar, Azərbaycanın Türkiyəyə qoyduğu birbaşa sərmayənin həcmi 9 milyard dollara çatıb: “Son illər xüsusən enerji sahəsində həyata keçirilən ortaq layihələr sayəsində bu sərmayələrin artacağını gözləyirik. İki dost ölkə olaraq münasibətlərimizi daha da inkişaf etdirməyi arzu edirik. Hökumətlərarası Komissiyanın iclasında ticarətdən enerjiyə, nəqliyyatdan təhsilə, kənd təsərrüfatından səhiyyəyə qədər bir çox sahələrdə əməkdaşlıq edilməsi qərara alınıb. İmzalanmış Tədbirlər Planında 2019-2022-ci illər üçün ümumilikdə, 147 tədbir yer alıb. Razılaşma əldə olunan tədbirlər sırasında Halal Akkreditasiya və Halal Sənədləşdirmə sahələrində texniki əməkdaşlığın başladılması, hər iki ölkənin xam maddə və yarımfabrikat tədarükü potensialı yüksək məhsullarının müəyyənləşdirilməsi, şirkətlər səviyyəsində işlər görülərək xarici ticarət həcminin artırılması, iki ölkənin poçt idarələri arasında elektron ticarət sahəsində əməkdaşlığın yaradılması, ikiqat vergitutmanın aradan qaldırılması dair anlaşmanın yenilənməsi üçün işə başlanılması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində sərhəd-keçid prosedurlarının asanlaşdırılması üçün addımlar atılması yer almaqdadır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin potensialının artırılması və daha cazibəli və rəqabətqabiliyyətli hala gətirilməsi üçün ortaq tarif və potensial əməkdaşlıq sahələrinə dair müzakirələr davam edəcək. Razılıq əldə olunan məsələlər arasında Türkiyə və Azərbaycan arasında strateji enerji əməkdaşlığının artırılmasına yönəlik Enerji Forumunun keçirilməsi də yer alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR