Əli Əsədov: “Preferensial ticarət sazişi ticarət dövriyyəmizin artmasına təkan verəcək”

Əli Əsədov: “Preferensial ticarət sazişi ticarət dövriyyəmizin artmasına təkan verəcək”
# 18 fevral 2021 18:25 (UTC +04:00)

“Preferensial ticarət sazişi ticarət dövriyyəmizin artmasına təkan verəcək”.

APA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.

Baş nazir bildirib ki, Türkiyə Azərbaycan iqtisadiyyatına indiyədək 13 milyarddan çox sərmayə qoyub: “Əminik ki, qarşılıqlı sərmayə qoyuluşu bundan sonra da davam edəcək. Azərbaycanda 4100-dən artıq Türkiyə şirkəti qeydiyyata alınıb. Türkiyədəki Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərir. Türkiyəyə sərmayə qoyan azərbaycanlı iş adamları Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. Artıq Türkiyə və Azərbaycan vətəndaşları təkcə şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcək. Bu, ticarət dövriyyəsinin artmasına, turizmin inkişafına müsbət təsir göstərəcək. Azərbaycan və Türkiyənin həyata keçirdiyi irimiqyaslı layihələr ölkələrimizin transnəqliyyat dəhlizinə çevrilməsində mühüm rol oynayır”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci il fevralın 25-də imzalanıb, həmin il mayın 31-də Milli Məclis Sazişi təsdiqləyib.

Sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis ediləcək. Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək. Həmçinin, birgə komitə zəruri hesab etdiyi təqdirdə hər hansı alt komitələr və işçi qrupları yarada bilər.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar əksini tapıb. Saziş razılığa gələn hər bir tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minməlidir.

Saziş müddətsiz bağlanıb, razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR