Millət vəkili İsveçrədə keçirilən Ümumdünya Qadın Sammitində iştirak edir

Millət vəkili İsveçrədə keçirilən Ümumdünya Qadın Sammitində iştirak edir
# 14 iyul 2019 02:16 (UTC +04:00)

İsveçrənin Bazel şəhərində dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammiti keçirilir.

APA-nın məlumatına görə, dünyanın 70-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən vitse-prezident, baş nazir qadınlar, nazir qadınlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.

Sammitə Azərbaycandan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva və digər şəxslər qatılıblar.

Q. Paşayeva sammitin işində iştirak etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Millət vəkili sammit çərçivəsində ABŞ, Fransa, Almaniya, İslandiya, Qazaxıstan, Meksika, Hindistan, Malayziya, Çin, Cənubi Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Vyetnam, Afrika, Kamerundan gəlmiş nümayəndə heyətləri ilə görüşüb və Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib və fikir mübadiləsi aparılıb.

Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər.

Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Q. Paşayeva tədbir və görüşlər zamanı ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də məlumatlar verib.

Qeyd edək ki, dünyanın 70 ölkəsindən 1000-dən artıq nümayəndənin iştirakı ilə keçirilən sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR