Keçmiş Kolumbiya hərbçiləri Haiti prezidentinin qətlində şübhəli bilinir

Keçmiş Kolumbiya hərbçiləri Haiti prezidentinin qətlində şübhəli bilinir
# 09 iyul 2021 06:00 (UTC +04:00)

Haiti prezidenti Jovenel Moizə qarşı sui-qəsdi icra edənlərin ehtiyatda olan Kolumbiya hərbçiləri olduğu ehtimal edilir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir iddianı Kolumbiyanın müdafiə naziri Dieqo Molano Aponte səsləndirib.

“Haiti prezidenti Jovenel Moizin öldürülməsi ilə bağlı bu gün İnterpol rəsmi olaraq Kolumbiya hökumətinə və Milli Polisə bu cinayəti törətdiyi iddia edilən şəxslər barədə məlumat almaq üçün sorğu göndərib. İlkin məlumatlar onu deməyə əsas verir ki, onlar Kolumbiya vətəndaşları, Milli Ordunun ehtiyatda olan üzvləridir”, - deyə nazir özünün “Twitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, Kolumbiya hökuməti istintaqa dəstək göstərilməsi üçün polisə və orduya göstəriş verib.

Qeyd edək ki, bundan bir qədər əvvəl Haiti hüquq-mühafizə orqanları prezident Jovenel Moizə qarşı sui-qəsddə 28 şübhəlinin şəxsiyyətinin müəyyən edildiyini, onlardan 26-sının Kolumbiya vətəndaşı olduğunu açıqlamışdı. Bunu Haiti Milli Polisinin rəisi Leon Şarl bildirib. Onun sözlərinə görə, ümumilikdə cinayətkar qrupun 17 üzvü saxlanılıb, daha 7 nəfər isə polis əməliyyatları zamanı öldürülüb. 8 şübhəli hazırda təqib edilir.

Eyni zamanda, “Washington Post” qəzeti Haitinin səsvermə və partiyalararası münasibətlər naziri Matias Pyerə istinadla yazıb ki, ölkə başçısının qətlində şübhəli bilinərək saxlanılanların arasında Haiti əsilli bir amerikalı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR