Çin XİN Abenin Honkonqla bağlı açıqlamalarından narahatlığını ifadə edib

Çin XİN Abenin Honkonqla bağlı açıqlamalarından narahatlığını ifadə edib
# 10 iyun 2020 12:42 (UTC +04:00)

Çin Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Baş Naziri Sindzo Abenin Honkonqla bağlı verdiyi açıqlamalardan ciddi narahatlığını ifadə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Çin XİN-in sözçüsü Hua Çunin brifinqdə bildirib ki, heç bir ölkənin Çinin daxili işlərinə müdaxilə etmək hüququ yoxdur.

“Biz müvafiq açıqlama ilə bağlı Yaponiya tərəfinə ciddi narahatlığımızı bildirdik. Honkonqda milli təhlükəsizliyi təmin etmək üçün hüquqi sistem və təhlükəsizlik mexanizmlərinin yaradılması haqqında qərar yalnız Çinin daxili işidir, heç bir xarici dövlətin buna müdaxilə hüququ yoxdur. Müvafiq ölkələr beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin əsas normalarına riayət etməlidirlər”, - deyə XİN-in sözçüsü vurğulayıb.

Qeyd edək ki, Yaponiyanın Baş Naziri Sindzo Abe G-7 ölkələrinin Honkonqla bağlı ortaq bəyanatın qəbulu üçün liderlik rolunda çıxış etməyə hazır olduğunu ifadə edib.

Xatırladaq ki, mayın 28-də Çin Xalq Məclisinin deputatları "Xüsusi inzibati bölgə olan Honkonqda milli təhlükəsizliyin təmin edilməsi üçün hüquq sisteminin və icra mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi haqqında qərar"ı təsdiqləyiblər. Xüsusi olaraq Honkonq üçün hazırlanan qanun layihəsində təxribatçı və separatçı fəaliyyətlər qadağan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR