“HAMAS” Qəzza zolağında səfərbərlik elan edib

“HAMAS” Qəzza zolağında səfərbərlik elan edib
# 30 dekabr 2008 09:30 (UTC +04:00)
Qəzza-APA. “HAMAS” hərəkatı öz sıralarına minə nəfərə yaxın könüllü qəbul edəcəyini bildirib. APA-nın məlumatına görə, Qəzza zolağının İsrail aviasiyası tərəfindən bombardman edilməsindən sonra minlərlə insan “HAMAS” sıralarına qoşulmaq istədiyini bildirib. Qəzzadakı mənbələr aviasiya zərbələri nəticəsində “HAMAS” döyüşçülərinə xətər dəymədiyini bildirirlər. Zərbələr nəticəsində həlak olanların əksəriyyəti küçələrdə ictimai asayişi bərpa edən polislər və patrul xidmətinin əməkdaşları olub. Onların əksəriyyəti “HAMAS”ın üzvü deyil və bu təşkilatla heç bir bağlılığı yoxdur. “The Yeriselim Post”un yazdığına görə, hazırda Qəzza zolağında “HAMAS”ın quru döyüşlərində İsrail ordusuna müqavimət göstərməyə qabil olan 15 min döyüşçüsü var. Təşkilatın nəzarətində olan ərazilərdə çoxlu sayda yeraltı bunker və tunellər var. Bu tunellər Qəzza zolağını Misirlə birləşdirib və Misirdən bu tunellər vasitəsilə bölgəyə partlayıcı maddələr və raket qurğuları gətirilir.

Qeyd edək ki, İsrail dekabrın 27-dən Qəzza zolağında irimiqyaslı əməliyyata başlayıb. Dünən ölkənin müdafiə naziri Ehud Barak ölkənin bütün hərbi potensialından istifadə olunmaqla irimiqyaslı müharibənin başladığını elan edib. Qəzza sektoru ilə sərhəddə çoxlu sayda İsrail hərbi birləşmələri və texnika toplanıb, bu ərazilər qapalı hərbi zona elan olunub. Son məlumatlara görə, İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 375 nəfərə çatıb. İsrail tərəfi isə 4 nəfər itki verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR