Beyrutda atışmada 6 nəfər ölüb, 60 nəfər yaralanıb - YENİLƏNİB

Beyrut

© APA | Beyrut

# 14 oktyabr 2021 16:40 (UTC +04:00)

Livanın paytaxtı Beyrutda atışma dayanıb.

APA-nın OTV kanalına istinadən verdiyi xəbərə görə, intensiv atışmanın olduğu Əl-Tayyuni rayonunda sabitlik bərpa olunub.

Hərbi tribunal Beyrutun qərbində baş verən silahlı qarşıdurmanı araşdırmaq üçün ordunun kəşfiyyatı xidmətini təlimatlandırıb.

Livan Daxili İşlər Nazirliyi silahlı atışma nəticəsində 6 nəfərin öldüyünü, 60-dan çox adamın yaralandığını təsdiqləyib. Ordu şəhərə zirehli maşınlar gətirib və silahlı şəxslərə qarşı atəş açılacağı barədə xəbərdarlıq yayıb.

Bildirilir ki, intensiv silahlı qarşıdurmanın yaşandığı Əl-Tayyuni rayonundan bir neçə ailə təxliyə olunub.

***

15.11

Livanın paytaxtı Beyrutda nümayiş keçirən Hizbullah tərəfdarlarına atəş açılıb, ölənlər və yaralananlar var.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, 2020-ci ilin avqustunda Beyrut limanında baş verən partlayışla əlaqədar araşdırma aparan hakim Tariq Bitarın vəzifədən azad edilməsini tələb edən nümayişçilər Ədliyyə Nazirliyinin binasına doğru gedərkən onlara atəş açılıb.

Nümayişçilərə atəş açılması nəticəsində 3 nəfər ölüb, yaralılar var.

Yerli mənbələr bildirib ki, nümayişçilərə binaların damlarından snayperlər atəş açılıb.

Yerli TV və sosial mediada maskalı etirazçıların AK-47 avtomatları ilə küçə baryerlərinin arxasından atəş açması, yaxınlıqdakı binaların tüstüyə bürünməsini əks etdirən görüntülər yayılıb.

Livan ordusunun yaydığı bəyanatda isə bildirilib ki, qarşıdurmaların yaşandığı ərazilərdə silahlı hər kəs vurulacaq. Ordu insanları küçələri boşaltmağa çağırıb.

Hizbullahın yüksək rütbəli nümayəndəsi CNN-ə bildirib ki, etirazçılara atəş açanlar bu hücumu planlaşdıran mütəşəkkil silahlı qruplardır: “Bizi daxili çəkişməyə sürükləmək istəyirlər, biz isə vətəndaş qarşıdurması yaratmaq istəmirik”.

Hizbullah Beyrutdakı partlayışla bağlı istintaqa rəhbərlik edən və yüksək səviyyəli məmurların mühakimə olunmasını tələb edən məşhur hakim Tariq Bitara qarşıdır və onun postundan alınmasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR