İranda prezidentliyə namizədlər arasında ilk debat keçirilib

İranda prezidentliyə namizədlər arasında ilk debat keçirilib
# 05 iyun 2021 20:24 (UTC +04:00)

İranda yerli vaxtla saat 17:00-da prezidentliyə namizədlər arasında ilk debat keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bir neçə televiziya və radio vasitəsilə canlı yayımlan debatın mövzusu iqtisadi məsələlər olub.

Prezidentliyə namizəd olan 7 nəfər hər biri püşkatma ilə aparıcının iqtisadi məsələlərə dair suallarını cavablandırıb.

Bu gün keçirilən ilk debatda Üsulgəra düşərgəsindən iki namizəd və İslahatçılar düşərgəsinə yaxın iki namizəd iştirak edib. Bu düşərgələrdən olan namizədlərə rəhbərliyi Üsulgəra düşərgəsindən prezidentliyə namizəd İbrahim Rəisi və İslahatçılar düşərgəsindən isə prezidentliyə namizəd Əbdünnasir Himməti edirdi.

Hər iki düşərgə nümayəndələri debatda ölkənin idarə edilməsində rəqibini sərt tənqid edib. Bir-birlərini İranın hazırkı iqtisadi durumunun səbəbkarı kimi göstəriblər.

Qonşu ölkələrlə əlaqələrin inkişafına diqqət, şimal-cənub dəhlizinin inkişaf etdirilməsi, neft, qaz, neft-kimya, mədən sənayesinin inkişaf etdirilməsi, mövcud iqtisadi imkanlardan istifadə kimi məsələlər haqqında namizədlər çıxışlar edib.

Statistikaya əsasən, İranda prezident seçkilərində iştirak edən namizədlərin debatları əhalinin səsvermədə kimə səs verməsi üçün qərarında birbaşa təsiri var. Debatlarda qələbə çalan şəxsin İranın növbəti prezidenti olmaq üçün şansı daha çox olacaq.

Qarşıdan gələn günlərdə İranda prezident seçkilərinə namizədliyini irəli sürmüş şəxslər daha iki dövr debat edəcəklər.

Qeyd edək ki, İranda prezident seçkiləri iyun ayının 18-də keçiriləcək. Seçkilərdə prezidentliyə 7 namizəd rəqabət aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR