Polşa sərhəddəki vəziyyətə görə Lukaşenko və Kremli ittiham edir

Polşa sərhəddəki vəziyyətə görə Lukaşenko və Kremli ittiham edir
# 10 noyabr 2021 11:32 (UTC +04:00)

Belarusdan Polşaya keçən qanunsuz miqrantlar saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib.

Onun sözlərinə görə, Polşa-Belarus sərhədində gecə heç də sakit keçməyib, Polşaya keçmək üçün çoxlu cəhdlər olub və sərhədi keçənlərin hamısı saxlanılıb.

Belarusla sərhədə 15 min polşalı hərbçinin yerləşdirildiyini qeyd edən nazir vurğulayıb ki, ehtiyac olarsa, hərbçilərin sayı artırıla bilər.

Müdafiə naziri iki ölkənin sərhədində baş verənlərə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonu ittiham edib.

“Lukaşenko rejimi Kremldən dəstək alır və biz Kremlin yazdığı ssenari ilə mübarizə aparırıq”, - Mariuş Blaşak bildirib.

Polşalı nazir əlavə edib ki, bu vasitələrlə Baltikyanı ölkələrdə sabitliyi pozmağa cəhd olunur.

Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, noyabrın 9-u axşam saatlarında ən azı iki miqrant qrupu Belarusdan ölkəyə keçib. Qanunsuz miqrantların hamısı saxlanılıb.

Belarus Sərhəd Komitəsinin yaydığı məlumatda bildirilib ki, Polşa təhlükəsizlik qüvvələri miqrantlara güc tətbiq edib, sərhəddə yerləşən qaçqın düşərgəsindəki insanların bədənlərində zorakılıq izləri aşkarlanıb.

Miqrantların dediyinə görə, Polşada onlara qaçqın statusu verilməsini xahiş etsələr də geri göndəriliblər.

Qeyd edək ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində gərginlik yaşanır. Yaxın Şərq ölkələrindən Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR