Kristian Ştrohal ədliyyə naziri Fikrət Məmmədov və baş prokuror Zakir Qaralovla görüşüb

Kristian Ştrohal ədliyyə naziri Fikrət Məmmədov və baş prokuror Zakir Qaralovla görüşüb
# 22 dekabr 2006 15:03 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştrohal ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanda həyata keçirilən köklü demokratik islahatlar, qanunun aliliyinin, insan hüquqlarının və vətəndaş azadlıqlarının təmin edilməsinə yönələn mütərəqqi tədbirlər barədə qonağa məlumat verib. O, ölkə məhkəmə sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının inkişafı üzrə görülən genişmiqyaslı işlər, o cümlədən hakimliyə namizədlərin demokratik və şəffaf üsullarla seçimini diqqətə çatdırıb, bu sahədə Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla həyata keçirilən səmərəli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. K. Ştrohal Azərbaycanda aparılan islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən ədalət mühakiməsinin səmərəliyinin artırılması üzrə görülən mühüm tədbirləri müsbət qiymətləndirilib. O, ölkəmizin ATƏT-lə əməkdaşlığını yüksək dəyərləndirərək, Azərbaycanda demokratik prosesləri təmsil etdiyi qurumun bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirib. Görüşdə azadlıqdan məhrumetmə yerlərinə nəzarət mexanizmləri barədə fikir mübadiləsi aparılıb, vəkillik institutunun inkişafı, hakimlərin, ədliyyə işçilərinin tədrisi və digər konkret əməkdaşlıq məsələləri müzakirə edilib. APA-nın məlumatına görə, ATƏT DTİHB rəhbəri Kristian Ştrohal bu gün baş prokuror Zakir Qarovla da görüşüb. Görüşdə Azərbaycanın hüquq sistemində aparılan islahatlar, vətəndaşların şikayətlərinə baxılma mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Kristian Ştrohal ölkəmizin ATƏT-lə əməkdaşlığını yüksək dəyərləndirərək, Azərbaycanda demokratik prosesləri təmsil etdiyi qurumun bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirib /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR