Deputatlar Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə Baş prokurorun təqdimatını əsaslı hesab edirlər - RƏY

Milli Məclisin iclası

© APA | Milli Məclisin iclası

# 03 avqust 2021 11:38 (UTC +04:00)

“Bu hadisə hər birimizə dərs oldu”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına münasibət bildirən parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib.

E. İbrahimov deyib ki, hər kəs qanun qarşısında bərabərdir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev qeyd edib ki, Baş prokurorun təqdimatı kifayət qədər əsaslıdır: “Baş prokurorun bir məsələyə də aydınlıq gətirməsini istəyirəm. Eldəniz Səlimov bildirib ki, bu hadisəyə qədər şantaj və təzyiqlə üzləşib. Eldəniz Səlimov bu hadisəyə qədər üzləşdiyi halla bağlı hüquq-mühafizə orqanlarına müraciət edibmi? Mən təqdimata səs verəcəyimi də bildirirəm”.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, 6-cı çağırış ən şərəfli parlament olmalıdır: “44 günlük Vətən müharibəsində biz arxa cəbhədə çalışdıq. Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Milli Məclisi qazi parlament kimi dəyərləndirir. Mən münasibətimi dünən İntizam komissiyasının iclasında bildirmişəm. Bir millət vəkilinin belə təkəbbürlü hərəkəti ilə Milli Məclisin adına xələl gələ bilməz. Belə hallarla parlamentin adına kölgə salınmasına imkan verməməliyik. Bir daha həmkarlarımı İntizam komissiyasının rəyini dəstəkləməyə çağırıram”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Şuşaya səfərdən sonra parlamentdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisi Müzəffər Milli Məclis adlandırdığını xatırladıb: “Təəssüf ki, bu gün millət vəkilinin polis zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Təəssüf ki, Prezident İlham Əliyevin tövsiyələrinə baxmayaraq, Eldəniz Səlimov belə bağışlanmaz hərəkətə yol verib. Necə yəni polis mənim qohumumun restoranına gəlib söz deyə bilməz?! YAP İdarə Heyətinin üzvü kimi də bu, məni təəssüfləndirir. Partiya da gələcəkdə seçimlərində daha diqqətli olmalıdır. Mən Baş prokurorun təqdimatını tamamilə dəstəkləyirəm. Eyni zamanda Baş prokuror və hüquq-mühafizə orqanlarından hadisəni tam və obyektiv araşdırmasını da xahiş edirəm”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Azərbaycan polisinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində layiqli cavab verilməlidir: “Polisə və zabitə qalxan əl dövlətə qalxan əl kimi qiymətləndirilməlidir. Qanunları yazan və milləti hüquqa dəvət edən bizik. İndiki halda qanunu qoruyan polisdir, həmin millət vəkili deyil. Parlament üzvü millətin simasını təmsil edir, ona qarşı çıxanda isə bu simanı itirir”.

Z. Oruc bir neçə deputatdan ibarət nümayəndə heyətinin Xaçmaza səfər etməsini, ziyalılarla, aktivlərlə görüşməsini də təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR