Protoiyerey Konstanstin: “Prezident zəmanət vermişdi ki, zərər görmüş mədəni-arxitektura abidələri bərpa olunacaq, bunun təsdiqini tapdığını görürük”

Protoiyerey Konstanstin Pominov

© APA | Protoiyerey Konstanstin Pominov

# 10 iyul 2021 16:37 (UTC +04:00)

“Şuşa Azərbaycana qayıdıb, o, azaddır”.

Bunu APA-ya Şuşaya ezam olunmuş əməkdaşına müsahibəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi, protoiyerey Konstanstin Pominov bildirib.

Protoiyerey Konstanstin deyib ki, tacda brilyant varsa, yəqin ki, Şuşa o brilyantın ən qiymətlisidir: “Şuşa qədim arxitekturası və mədəniyyət abidələri ilə gözəl, füsunkar bir şəhərdir. Biz indi kilsədə olduq, qədim abidədir. Biz pravoslav kilsəsinə, məscidlərə gedirik. Səmimi deyirəm, arzu edirəm ki, bu torpaqlar həyatın tam bərqərar olması üçün uşaq səsləri, gülüş, sevinc, sevgi ilə dolsun. İnsanların kədəri unutması üçün Şuşa ən parlaq bir inci kimi parlasın”.

K. Pominov qeyd edib ki, hələ döyüşlər gedən zaman Prezident zəmanət verib ki, zərər görmüş bütün mədəniyyət və arxitektura abidələri bərpa olunacaq və biz bunun təsdiqini tapdığını görürük: “Hazırda məscidlər, kilsələr, həmçinin qədim tarixi abidələr ilkin görkəminə uyğun olaraq bərpa olunur”.

Qeyd edək ki, bu gün Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər edib. Səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR