Üzeyir Hacıbəyovun “Əsli və Kərəm”, “Şah Abbas və Xurşudbanu” operaları və “Ər və arvad” operettası ilk dəfə nəşr ediləcək

Üzeyir Hacıbəyovun “Əsli və Kərəm”, “Şah Abbas və Xurşudbanu” operaları və “Ər və arvad” operettası ilk dəfə nəşr ediləcək
# 24 yanvar 2007 10:51 (UTC +04:00)
Üzeyir Hacıbəyovun Ev Muzeyinin rəhbərliyi tərəfindən dahi bəstəkarın bu günə kimi nəşr olunmayan “Əsli və Kərəm”, “Şah Abbas və Xurşudbanu” operaları və “Ər və arvad” operettası not halında hazırlanacaq. Bu barədə APA-ya məlumat verən Üzeyir Hacıbəyovun Ev Muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovun sözlərinə görə, artıq Ü. Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu” və “Məşədi İbad” əsərləri nəşriyyatda çap olunur: “Bu zamana kimi nəşr olunmuş əsərləri çap etdirmək o qədər də çətin deyil. Ancaq sadaladığım üç opera bu zamana kimi nəşr olunmadığı üçün işimiz çoxdur. Bu operalar ilk dəfə nəşr olunacaq və musiqisevərlərin ixtiyarına veriləcək”. S. Fərəcov onu da deyib ki, sentyabra kimi muzeydə tədbirlər keçirilməyəcək. Buna səbəb isə bu günlərdə muzeyin inzibati binasında başlanacaq təmir işləri olacaq: “Söz verilib ki, təmir işləri bəstəkarın ad gününə qədər başa çatdırılacaq. O zamana kimi çatdırılmasa, biz də muzeyin memorial hissəsində tədbirlər keçirməyə məcbur olacağıq”./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR