Azərbaycan çempionu Avropa Liqasında HİK-lə oynayacaq

Azərbaycan çempionu Avropa Liqasında HİK-lə oynayacaq
# 28 iyul 2021 22:52 (UTC +04:00)

“Neftçi” avrokubokların 2021/22 mövsümünə Avropa Liqasında davam edəcək.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”unu keçə bilməyən Bakı klubu daha aşağı statuslu turnirə yollanıb.

Samir Abasovun yetirmələri Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi olacaq. Paytaxt təmsilçisi qitənin ikinci dərəcəli klub turnirinə III təsnifat mərhələsindən başlayacaq.

Çempionlar yolunda mübarizə aparacaq “Neftçi” burada Finlandiyanın HİK klubu ilə qarşılaşacaq. “Suomilər” Çempionlar Liqasının II təsnifat mərhələsində İsveç “Malmö”sünə “boyun əyib” – 1:2, 2:2.

“Neftçi” və HİK arasında ilk qarşılaşma avqustun 5-də Bakıda təşkil olunacaq. Avropa Liqasında pley-offa yollanacaq komanda ayın 12-də Helsinkidə keçiriləcək matçda bəlli olacaq. Burada da uduzan tərəf Konfrans Liqasının pley-offunda iştirak edəcək.

Qeyd edək ki, “Neftçi” Yunanıstanda 0:1 hesabı ilə uduzduğu “Olimpiakos”a Bakıda da eyni nəticə ilə məğlub olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR