MTRŞ sədri Nuşirəvan Məhərrəmli: “Növbəti müsabiqədə iştirakçıların sayının kifayət qədər olacağına inanmaq istərdim”

MTRŞ sədri Nuşirəvan Məhərrəmli: “Növbəti müsabiqədə iştirakçıların sayının kifayət qədər olacağına inanmaq istərdim”
# 09 fevral 2007 15:31 (UTC +04:00)
“Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunan tenderin nəticələri ilə bağlı keçirilən hazırlıq iclasında televiziyanın təsisçiləri iştirak etmişdilər. Hazırlıq iclasında şuranın üzvləri yekdilliklə təsisçilərə qanunun tələblərini əsas götürməyi bildiriblər. Ancaq ANS-in təsisçiləri bu məsələyə yenidən baxılmasını və mümkün qədər tenderin ləğv olunmamasını xahiş etdilər. Biz bugünkü iclasda məsələni müzakirə edərkən, qanunları bir daha təhlil etdik. Qanunvericilikdə açıq-aşkar göstərilir ki, tenderdə ən azı 3 nəfər iştirak etməlidir. Ona görə də tenderin nəticələrini ləğv etdik”. Bu sözləri APA-ya açıqlamasında ANS-in tezliyi üzrə tenderin nəticələrinin ləğv olunması barədə qərarı şərh edərkən şuranın sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, tenderdə digərlərinin iştirak etməməsinin əsas səbəblərindən biri də ANS-in müsabiqə dövründə efirə çıxmasıdır: “Müsabiqədə iddiaçıların hamısının bərabər şərtləri, hüquqları olmalıdır. Bir tərəf üstün hüquqa malik olmamalıdır. Biz Azərbaycan prezidentinin tövsiyələrini nəzərə alaraq, ANS-in tender zamanı efirə çıxmasına icazə verdik və bu qərarı yenidən qüvvədə saxladıq. İnanmaq istərdim ki, növbəti müsabiqədə iştirakçıların sayı kifayət qədər olacaq”. N.Məhərrəmli MTRŞ-nın bu qərarının bəzi qüvvələrin siyasiləşdirəcəyindən ehtiyat etmədiyini deyib: “Biz qanunvericiliyi hər şeydən üstün tuturuq. Bu qərar hisslər, emosiyalar əsasında yox, qanunvericilik əsasında çıxarılıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR