Bakıda qadını öldürüb basdıran şəxs 19 il azadlıqdan məhrum olunub

Bakıda qadını öldürüb basdıran şəxs 19 il azadlıqdan məhrum olunub
# 04 noyabr 2021 13:10 (UTC +04:00)

Bakıda qısqanclıq zəminində qadını öldürdürməkdə təqsirləndirilən Telman Mövsümzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Aığr Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Mövsümzadə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarın 17-də Pirallahı rayonunda baş verib. Rayon sakini, 1981-ci il təvəllüdlü Ramazanova Lalə Ələmdar qızının itkin düşməsi ilə bağlı Pirallahı rayon Polis şöbəsinə məlumat daxil olub.

Aparılan araşdırma zamanı itkin düşmüş Lalə Ramazanovanın qəsdən öldürülməsi müəyyən edilib. Araşdırmalarla 1975-ci il təvəllüdlü Telman Mövsümzadənin 17 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarətlər yetirərək öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti həmin evin həyətinə basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Telman Mövsümzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, şübhəli şəxs Telman Mövsümzadənin ifadəsinin yerində yoxlanılması həyata keçirilərkən Lalə Ramazanovanın meyiti aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq basdırıldığı yerdən çıxarılmaqla məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə göndərilib.

İstintaq dövründə T.Mövsümzadənin əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsinə tövsif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR