Binəqədidə ağaclıq ərazidə baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Binəqədidə ağaclıq ərazidə baş vermiş yanğın söndürülüb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 22 iyun 2021 21:26 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti Bakının Binəqədi rayonunda ağaclıq ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA nazirliyə istinadən xəbər verir ki, 22 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Müki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb olunub. Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının və ətraf əraziyə vura biləcəyi böyük ziyanın qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Yanğın nəticəsində 4 hektar sahədə quru ot, kol-kos, şam ağacları və quru ağac kötükləri yanıb. Sıx ağaclıq sahə, yaxınlıqdakı infrastruktur və ictimai-iaşə obyektləri yanğından mühafizə olunub.

***

Saat 21:04

Bakının Binəqədi rayonu ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində işlər 3 saat ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın bölmələri tərəfindən davam etdirilib.

Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yanğının söndürülməsi işlərində 8 yanğınsöndürən maşın, 148 nəfərlik şəxsi heyət iştirak edib: "Onlardan 48-i Dövlət Yanğından Mühafizə Xidmətinin, 80-i Xüsusi Riskli Xilasetmə Xidmətinin və 30-u Mülki Müdafiə Alayının əsgərləridir. Yanğın nəticəsində 12 hektar olan ərazinin 4 hektar sahəsi yanıb. Əsasən quru ot, kol-kos və quru şam ağacları yanıb. Hazırda yanğının baş verməsi səbəbləri araşdırılır".

Bildirilib ki, ərazi hər tərəfdən magistral yollarla əhatə olunub. Eyni zamanda, ərazidən magistral qaz xətti keçir və ictimai iaşə obyektləri yerləşir: "Yanğın bölmələri tərəfindən ərazidən keçən magistral qaz xətti və ictimai iaşə obyektləri mühafizə olunub. Həmçinin yaşıllıq zonanın qalan hissəsi mühafizə edilib. Hazırda ərazidə quru kötüklərin tam söndürülməsi işləri gedir ki, yanğın yenidən alovlanmasın.

Ərazidə hər tərəfdən magistral yollar keçir. Çox güman ki, yanğında insan faktoru rol oynayıb. Ayrı-ayrı sürücülər tərəfindən atılmış siqaret kötüklərinin yanğına səbəb ola biləcəyi ehtimal edilir".

Qeyd edək ki, yanğın saat 20:29-da FHN-in yanğınsöndürənləri tərəfindən tam söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR