Özünü DTX əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Özünü DTX əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsin məhkəməsi başlayıb
# 30 iyul 2021 15:56 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Zaur Babayev və Mərhəmət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Mərhəmət Hüseynovun təmizlik işçisi olduğu, Bakıda çalışdığı bildirilib.

Cinayət işi üzrə məhkəmə baxışı avqustun 11-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının (DTX) vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxslərin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

Ona qarşı Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) və dələduzluq maddələri ilə ittiham elan edilib.

Mərhəmət Hüseynov isə dələduzluqda suçlanır. Belə ki, Mərhəmət Hüseynovun həyat yoldaşının tanışı olan qadın həbsdə olan ərinin cəzasının azaldılmasına kömək edilməsini istəyib. Mərhəmət Hüseynov da bu haqda Zaur Babayevə deyib. Özünü DTX mayoru kimi təqdim edən Zaur Babayev qadından pul alıb.

İş alınmadığı zaman qadın Mərhəmət Hüseynovdan şikayətçi olub. Mərhəmət Hüseynov saxlanılıb və o istintaqda Zaur Babayevin adını çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR