Türkiyə Qara dəniz vasitəsilə taxıl ixracının bərpası və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Rusiya, Ukrayna və Avropa ölkələri ilə danışıqları davam etdirir.
“Anadolu” agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə Avropa İttifaqının regionlararası təhlükəsizlik məsələlərinə həsr olunmuş nazirlər görüşündən sonra bildirib.
“Taxılın yenidən dünya bazarlarına çıxarılması, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və ehtiyacı olan ölkələrə buğdanın çatdırılması üzərində işləyirik. Müəyyən təkliflərimiz var və onların bir hissəsini bu gün təkmilləşdirmişik”, – Fidan deyib.
Nazirin sözlərinə görə, Ankara məsələni Qara dənizdəki vəziyyətdən birbaşa təsirlənən Bolqarıstan və Rumıniya ilə də müzakirə edir.
“Bu gün Bolqarıstan, Rumıniya və Ukrayna nümayəndələri ilə görüşdük. Bundan əvvəl Rusiya tərəfi ilə də danışıqlar aparmışıq. Ümid edirəm ki, hazırladığımız formula nəticə verəcək”, – o bildirib.
Fidan qeyd edib ki, tərəflər arasında razılaşmanın əldə olunmasına mane olan əsas məsələlərdən biri Rusiyanın mövqeyidir.
Onun sözlərinə görə, Moskva Ukrayna ilə daimi sülh müqaviləsi imzalanmadan Qara dəniz üzrə müvəqqəti razılaşmaya maraq göstərmir.
Türkiyə XİN rəhbəri bu şəraitdə tərəflərin razılığa gəlməsi üçün müəyyən təkliflər hazırlandığını, lakin onların təfərrüatlarını açıqlamağın hələ tez olduğunu vurğulayıb.