Dövlət sərhədinin pozulması nəticəsində həlak olan zabit Tovuzda dəfn olunub - FOTO - VİDEO

Dövlət sərhədinin pozulması nəticəsində həlak olan zabit Tovuzda dəfn olunub - <span class="red_color">FOTO</span> - <span class="red_color">VİDEO</span>

© APA | Baş leytenant Samir Eyvazov Tovuzda dəfn olunub

# 16 may 2021 11:44 (UTC +04:00)

Dünən “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulması zamanı sərhəd pozucuları ilə silahlı insident nəticəsində həlak olan hərbçi, baş leytenant Eyvazov Samir Elmar oğlu Tovuz rayonunda dəfn olunub.

APA-nın qərb bürosunun məlumatına görə, hərbçi anadan olduğu Bozalqanlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində yaylım atəşi açılıb.

Mərasimdə hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.  

 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Müzəffər Pirizadə mərasimdə çıxış edərək baş leytenant Samir Eyvazovun ölümündən sonra "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunduğunu deyib.

Medal zabitin ailə üzvlərinə təqdim olunub.

Qeyd edək ki, mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatında bildirilib ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.

Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.

Hadisə barədə aidiyyəti hüquq-mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb. Saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram “marixuana” və 95 qram “metamfetamin”, güclü təsir edən maddə olan 17715 ədəd “preqabalin” həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.

Cinayət işi Baş prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR