Özbəkistan Gənc Tamaşaçılar Teatrı Bakıda qastrol səfərindədir

Özbəkistan Gənc Tamaşaçılar Teatrı Bakıda qastrol səfərindədir
# 20 fevral 2020 16:47 (UTC +04:00)

Fevralın 21-i və 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Özbəkistanın xalq şairi, SSRİ Dövlət mükafatı, Lenin mükafatı laureatı Qafur Qulamın "Ozornik" (“Şumbala”) tamaşası təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa Özbəkistanın Gənc Tamaşaçılar Teatrının Bakıya qastrol səfəri çərçivəsində nümayiş ediləcək.

“Şumbala” tərbiyəvi əhəmiyyət daşıyır. Əsərin qəhrəmanı, təbiətcə dəcəl olan və ipə-sapa yatmayan balaca oğlan hər dəfə müxtəlif qəribə və gülməli vəziyyətlərə düşür və bacarıqla çıxış yolu tapır. Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri olan Şumbala uşaqlara “Təslim olma, mübarizə apar” ideyasını əyani olaraq izah edir.

Qafur Qulamın Azərbaycan poeziyası nümunələrindən özbəkcəyə tərcümələr edib. Həmçinin "Bir-birinə şagird, bir-birinə ustad", "Qırx yaşlı Azərbaycan", "Səməd Vurğuna", "Qardaş Azərbaycan pambıqçılarına", "Xəzər" adlı şeirlərində Azərbaycana olan məhəbbəti səmimi şəkildə ifadə olunub.

2019-cu ilin fevralında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədovun Özbəkistan Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirində iştirakı zamanı qarşılıqlı dostluq, əməkdaşlıq əlaqələri qurulub.

Gələcəkdə bu əməkdaşlıq çərçivəsində Gənc Tamaşaçılar Teatrının Özbəkistana qastrol səfəri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR