Böyük Teatrın solistləri Bakıda “Don Kixot” baletində çıxış edəcəklər

“Don Kixot” baleti

© APA | “Don Kixot” baleti

# 24 noyabr 2021 12:50 (UTC +04:00)

Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L. Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Rusiya Akademik Böyük Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Kristina Kretova ( Kitri ) və İqor Svirko ( Bazil ) iştirak edəcəklər.

Uzun illərdən bəri teatrın repertuarında olan balet tamaşaçıların ən çox sevdiyi klassik baletlərdəndir. Şən musiqi, mürəkkəb xoreoqrafiya, sevgi üzərində qurulmuş sujet xətti tamaşaya bayram əhval-ruhiyyəsi verir. Parlaq, coşqun, ehtiraslı və gözəl ispan rəqsləri, çoxsaylı balet tryukləri və dünyada çox məşhur olan balet elementi-fuete tamaşanı daha baxımlı edir.

Teatr rəhbərliyi K. Kretova və İ. Svirkonu heç də təsadüfən bu tamaşaya dəvət etməmişdir. Hazırda bu cütlük dünyada çox tanınmış və tələb olunan balet ulduzlarıdır. Onlar dünyanın bir çox ölkələrində - Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, Yaponiya, Meksika, Çin və s. ölkələrində qastrol səfərlərində uğurla çıxış etmişlər. Qastrolçularla yanaşı tamaşada Teatrımızın balet truppasının aparıcı solistləri - əmək artistlər Samir Səmədov, Cəmilə Kərimova, Elmira Süleymanova, solistlərdən Ayan Eyvazova, Teymur Oduşev və b. iştirak edəcəklər.

Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqənin laureatı Orxan Həşimov idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR