Azərbaycan Memarlar İttifaqı binasında təmir işlərinin aparılması üçün hökumətə müraciət edəcək

Azərbaycan Memarlar İttifaqı binasında təmir işlərinin aparılması üçün hökumətə müraciət edəcək
# 11 iyun 2007 15:14 (UTC +04:00)
“Azərbaycan Memarlar İttifaqının binası qəza vəziyyətində deyil. Sadəcə, 2000-ci ildə baş verən zəlzələ nəticəsində binada ciddi problemlər yaranıb. Bu bina bizə 1975-ci ildə verilib və o zamandan bir dəfə də təmir olunmayıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Xəfif Əmirxanov deyib. Onun sözlərinə görə, binanın təmir olunması üçün ittifaq rəhbərliyi ötən il Nazirlər Kabinetinə müraciət ünvanlayıb, lakin onlar müsbət cavab əldə etməyiblər: “Nazirlər Kabinetində müraciətimizə cavab olaraq bildirildi ki, onların buna imkanları yoxdur. Düzdür, Memarlar İttifaqı ictimai təşkilat kimi fəaliyyətə göstərir. Məgər bizə yardım göstərilməməlidir? Ötən dəfə öz maliyyəmizlə bu binanı təmir etdik, indi isə onlar bunu öhdələrinə götürmürlər”. Binanın yaxın vaxtlarda təmiri üçün maliyyənin ayrılacağına ümid bəslədiyini deyən ittifaq rəhbəri bunun müsbət həll olunacağına da inanır. X.Əmirxanov deyib ki, ittifaq rəhbərliyi növbəti müraciətini ünvanlamaq fikrindədir. İttifaqın qurultayının keçirilməsinin vacibliyini də vurğulayan sədr bu məsələnin də həll olunacağına ümidvar olduğunu bildirib: “Yəqin ki, Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı başa çatdıqdan sonra bizim qurultayın keçirilməsi barədə məlumat veriləcək. Bu qurultay ötən ildən nəzərdə tutulsa da hələ reallaşmayıb. Ancaq ümid edirəm ki, yaxın müddət ərzində bu problemdə həll olunacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR