Bakının yaşayış binalarında daha 625 lift quraşdırılacaq

Bakının yaşayış binalarında daha 625 lift quraşdırılacaq
# 27 aprel 2021 12:24 (UTC +04:00)

Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə “Wittur Holding GMBH” şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd lift alınaraq paytaxta gətirilib.

APA-Economics”in məlumatına görə, liftlər Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılacaq. Əlavə olaraq liftlərə operativ xidmətin göstərilməsi üçün 5 ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb.

İstehsalat Birliyinin direktoru Xalid Ələkbərovun sözlərinə görə, hazırda köhnə liftlər demontaj edilir, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunur, otaqların üstünə ruberoid çəkilir.

Yeni liftlər müasir elektron sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı UPS sistemi mövcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur.

Liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sistemi qurulub. Mərkəz zəruri texniki avadanlıqlarla təchiz edilib və liftlərin göstəriciləri daim nəzarətdə saxlanılır. Yeni liftlər istismara verildikcə bu məntəqəyə qoşulacaq.

Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlifbası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi.

Yeni quraşdırılan liftlərin hər biri müvafiq sınaqlardan keçdikdən sonra vətəndaşların istismarına veriləcək.

Xatırladaq ki, ötən il “Lifttəmir” İstehsalat Birliyi tərəfindən 581 ədəd lift Bakıya gətirilərək quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR