"CanSat Azərbaycan 2020" müsabiqəsinin növbəti mərhələsi təxirə salınıb

"CanSat Azərbaycan 2020" müsabiqəsinin növbəti mərhələsi təxirə salınıb
# 13 aprel 2020 12:03 (UTC +04:00)

Koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar yaranan vəziyyəti nəzərə alaraq, Azərbaycan Təhsil Nazirliyi və "Azərkosmos" ASC-nin birgə təşkil etdiyi "CanSat Azərbaycan 2020" müsabiqəsinin növbəti "Reallaşdırma" mərhələsi təxirə salınır.

"APA-Economics" təşkilatçıların yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqə üzrə "Layihələndirmə" mərhələsi artıq başa çatıb və nəticə olaraq, 15 komanda layihələrini təqdim ediblər.

Yaxın zamanda bu sənədlər təşkilat komitəsi tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir.

"Reallaşdırma" mərhələsinin başlanma tarixi barədə məlumat əlavə olaraq təqdim olunacaq.

Qeyd edək ki, "CanSat Azərbaycan" müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunmuş missiyanı yerinə yetirir. Müsabiqə müraciət və qeydiyyat; layihələndirmə; reallaşdırma; uçuş öncəsi yoxlamalar, uçuş, uçuş sonrası hesabat olmaqla 6 mərhələdən ibarətdir. Müsabiqə gənclər arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə bir sıra ölkələrdə təşkil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR