Azərbaycan və Qazaxıstan TXBNM üzrə sənəd dövriyəsinin elektronlaşdırılmasını müzəkirə ediblər

Azərbaycan və Qazaxıstan TXBNM üzrə sənəd dövriyəsinin elektronlaşdırılmasını müzəkirə ediblər
# 26 may 2021 13:07 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-də “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları”dan “APA-Economics”ə verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları və iki ölkənin dəmir yolu qurumları arasında əlaqələrin əhəmiyyəti barədə danışıb. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində fəal rolunu qeyd edən Cəmiyyət sədri bildirib ki, həmin marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına təkan verir.

Məlumata görə, görüş zamanı yüklərin daşınması sahəsində birgə fəaliyyətin nəticələri, həmçinin tərəfdaşlığın uzunmüddətli perspektivləri istiqamətində atılacaq addımlar müzakirə edilib. Tərəflər Qazaxıstan və Azərbaycan dəmir yollarındakı tranzit yük daşınması seqmentində həcmlərin müsbət dinamikasını vurğulayıblar.

Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) üzrə multimodal yükdaşımaların həcminin artırılması məqsədi ilə sənəd dövriyəsinin elektronlaşdırılması (rəqəmsallaşdırılması) məsələlərinə də toxunulub.

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev rəhbərlik etdiyi qurumun beynəlxalq nəqliyyat layihələri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığını yüksək qiymətləndirib. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna olan tələbatı, eləcə də bu marşrut üzrə daşımaların səmərəliliyini diqqətə çatdırıb.

Birgə fəaliyyət perspektivlərindən danışan görüş iştirakçıları Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından tam istifadə olunması məqsədi ilə layihənin 2025-ci ilədək İnkişaf Strategiyasının qəbul edilməsinin vacibliyini bildiriblər. Görüşdə yükdaşımaların həcminin artırılması üçün marşrut üzrə sənəd dövriyyəsinin rəqəmsallaşdırılması barədə razılığa gəlinib.

Tərəflər Azərbaycan, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirən beynəlxalq dəhliz çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR