Azərbaycanın kibertəhlükəsizlik üzrə milli strategiyasına əlavələr edilə bilər

Azərbaycanın kibertəhlükəsizlik üzrə milli strategiyasına əlavələr edilə bilər
# 06 dekabr 2021 11:17 (UTC +04:00)

Azərbaycanda 2021-2025-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə milli strategiyanın qəbulunda yaranan gecikmələr bu sahədə sürətlə dəyişən tendensiyalarla bilavasitə bağlıdır.

Bunu "APA-Economics"ə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən sənədə yeni əlavələrin edilməsi zəruri hesab olunur.

"Söhbət çox təkmil sənəddən gedir ki, onun səviyyəsində ölkədə bu günədək hələ belə bir sənəd ortaya çıxmayıb. Dünyada baş verən pandemiya, eləcə də 44 günlük Vətən müharibəsi günün tələblərini çox sürətlə dəyişdirdi. Bu gün strategiyanın aktuallığı daha da artıb. Düzdür, ona yeni əlavələr olunmalıdır, çünki sənəd hazırlananda nə hibrid modellər var idi, nə bu qədər "bulud"dan, audio və video zənglərdən istifadə olunurdu", - deyə Q. Mirzəyev qeyd edib.

Ekspertin fikrincə, sənəddə ayrıca, hansı hallarda bulud həllərinə icazə verilməli, hansı hallarda isə imtina edilməsi qeyd olunmalıdır.

"Strategiyada göstərilib ki, fərdi məlumatları kənarda emal etmək olar, lakin onlar ölkədə saxlanılmalıdır. Söhbət məlumatların əsas nüsxəsindən gedir. Ehtiyat nüsxəni isə kənarda etibarlı və şifrəli şəkildə saxlanmasına heç bir qadağa qoyulmur. Hazırda nazirliklərin daxilində pandemiyadan sonra güclü restrukturizasiya işləri aparılır. İstisna deyil ki, işlər bitdikdən sonra bu strateji məsələlərə diqqət ayrılacaq", - deyə Q. Mirzəyev əlavə edib.

Xatırladaq ki, 2021-2025-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə milli strategiyanın həyata keçirilməsi üzrə tədbirlər planında sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müddəalar da əksini tapıb. Strategiya təsdiq edildikdən sonra ictimaiyyətə təqdim olunacaq. Strateji sənəd ölkədə kibertəhlükəsizlik sahəsində aparılan fəaliyyətin daha da mütəşəkkilləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət edəcək.

Qeyd edək ki, strategiya beynəlxalq təcrübə əsasında hazırlanıb və bu məqsədlə Avropanın və digər ölkələrin təcrübələri tam şəkildə araşdırılıb. Strategiyada Azərbaycana qarşı edilə biləcək kibertəhdidlər, onların qarşısını almaq üçün tədbirlər, kritik infrastrukturda kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, kadr hazırlığın təmin edilməsi və digər bir çox məsələ əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR